Xan Şuşinskinin qızı: Gözümüzü açandan musiqi ilə böyümüşük

Xan Şuşinskinin qızı: Gözümüzü açandan musiqi ilə böyümüşük

Arzum odur ki, Şuşada Xan Şuşinskinin ev-muzeyi fəaliyyət göstərsin

                                                                Axşamüstü qoy uzaqdan,

                                                                Havalansın Xanın səsi…

 

AZƏRTAC-ın budəfəki müsahibi Bəyimxanım Cavanşirova-Verdiyevadır. O, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan dahi muğam ustadı Xan Şuşinskinin övladıdır. Musiqi ustadlarının əhatəsində böyüyən Bəyimxanım böyük sənətkar, Gəncə Dövlət Filarmoniyasının yaradıcısı, respublikanın Xalq artisti, tarzən Fikrət Verdiyevin həyat yoldaşı, Xan Şuşinski Fondunun təsisçisi və rəhbəridir.

Onunla müsahibəmizi sizə təqdim edirik:

– Muğam ustadı Xan Şuşinski barədə xatirələrinizdən danışardınız. Atanızın Şuşaya olan sevgisi, ölkəmizin mədəniyyət paytaxtı haqqında ilk bəstələdiyi mahnı, Şuşaya olan bağlılığınız…

– Atam 1901-ci ildə Qarabağ xanlığının təməlini qoymuş Pənahəli xan Cavanşirin kötücəsi Aslan ağa Cavanşirin ailəsində, Şuşa şəhərində dünyaya göz açıb. Onun adını İsfəndiyar qoyublar. Bu ailə musiqiyə, şeiriyyətə, ədəbiyyata çox bağlı olub. Elə atam da uşaqlıqdan ilahi səsə, fitri istedada malik imiş. Babam Aslan ağa evində tez-tez dövrünün tanınmış ustad sənətkarlarının, musiqiçilərinin, şairlərinin iştirakı ilə musiqi gecələri keçirib. Təkcə Azərbaycanın yox, həmçinin evlərindəki patefon vasitəsilə həmin gecələrdə Şərq dünyasının sənətkarlarının ifalarında sənət nümunələrini də dinləyiblər. Atamın musiqiyə sevgisi də elə o məclislərdə yaranıb.

Onun səsi çox güclü idi. Danışardı ki, o, oxuyanda sanki rəflərdəki qablar bir-birinə dəyib cingildəşirdi. Ona görə də onu heç kimin eşitməməsi üçün evdən qaçıb, Cıdır düzündə dağ başında oxuyurmuş. Atam, həmçinin Şuşada Realnı Məktəbini bitirib. Həmin bilik ocağında Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev kimi dahi şəxsiyyətlər də təhsil alıb.

Atam uşaq yaşlarından tarda da gözəl ifa edirmiş. Əmim Allahyar Cavanşirov da tar çalmağı ondan öyrənib. Atamın istedadını, muğama olan marağını hiss edən babam o dövrün ustad sənətkarı olan İslam Abdullayevə müraciət edib. Atam İslam Abdullayevin yanında muğamın sirlərini öyrəndikdən sonra musiqi məclislərinə onunla birgə gedib. Belə gecələrin birində tanınmış iranlı müğənni Əbülhəsən xan Azər İqbal Soltanın ifasında “Kürdü Şahnaz” muğamına qulaq asdıqdan sonra İslam Abdullayev atama söyləyib ki, “İsfəndiyar, bəlkə sən də oxuyasan?”. Atam deyib ki, ifanı təkrar dinləyim oxuyaram. Dinləyib və sonra “Kürdü Şahnaz”ı elə gözəl ifa edib ki, məclisdəkilər atamın səsinə heyran qalıblar. Elə həmin məclisdən sonra atama “Xan Şuşinski” deyə xitab ediblər.

Xan Şuşinski 20 yaşında olarkən gözəl mahnılar bəstələməyə başlayıb. 1930-cu ildə canından artıq sevdiyi doğma yurdu Şuşaya həsr etdiyi mahnı Şuşa haqqında yazılan ilk mahnı olub. Mahnının sözləri də, musiqisi də atama aiddir. Atamın bəstələdiyi mahnılardan bir qismini biz 2004-cü ildə Azərbaycan Dövlət Müəllif Hüquqları Agentliyində təsdiq etdirərək şəhadətnamə almışıq.

– Şuşa işğaldan azad olunduqdan sonra ilk dəfə oraya gedəndə hansı hissləri keçirdiniz? Şuşa ilə bağlı hansı xatirələriniz var?

– Otuzillik işğal dövründə Xan Şuşinskinin “Şuşanın dağları” mahnısının, “Qarabağ şikəstəsi”nin harayı sanki bizi Şuşaya səsləyirdi. Mən Şuşamıza qayıdanda qürur hissi keçirdim. Şükürlər olsun ki, əzəli torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində işğaldan azad olundu və bu ərazilərin əsl sakinləri öz dədə-baba torpaqlarına geri qayıtmaqdadır. Doğma Vətənimiz Qarabağın azad olunmasında canlarından keçən şəhidlərimizin qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Qazilərimizə isə cansağlığı arzu edirəm.

Artıq azad edilmiş bütün torpaqlarımızda, o cümlədən Şuşada tikinti-quruculuq işləri sürətlə davam etdirilir, maddi-mədəni irs nümunələrimiz bərpa olunur. Arzum budur ki, Şuşada Xan Şuşinskinin də ev-muzeyi fəaliyyət göstərsin. Həmin muzeydə onun zəngin irsi, səs yazıları, əşyaları sərgilənsin.

Şuşa ilə xatirələrim o qədər maraqlı və əzizdir ki… Atalı-analı ən xoş günlərim, uşaqlığım, gəncliyim Şuşada keçib. Biz Bakıda yaşayırdıq. Atam Şuşanı canından çox sevirdi. Buna görə də 1960-cı ildə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinin yanında ikimərtəbəli evi satın alıb və orada xeyli təmir işləri aparıb, müxtəlif ağaclar əkdirib. Həyətimizdə buz kimi bulaq axırdı, mənzərə sanki cənnəti xatırladırdı. Hərbçilər atama durbin hədiyyə etmişdilər. Biz onunla ikinci mərtəbədəki eyvandan gözəl Şuşanı seyr edərdik.

Dörd uşaq olmuşuq. Hamımızın da yaxşı səsi vardı. Təbii ki, böyüdüyümüz musiqi mühiti buna imkan yaradıb. Atam evdə muğamdan, musiqidən tələbələrinə dərs keçirdi. Yəni, gözümüzü açandan musiqi ilə böyümüşük. Anam Suğra da çox zəhmətkeş, savadlı xanım idi, təlim-tərbiyəmizlə, təhsilimizlə yaxından məşğul olurdu. Hər zaman atama böyük sevgi ilə yanaşırdı. Axı, sənətkarın həyat yoldaşı olmaq heç də asan iş deyil…

Mən çox xoşbəxtəm ki, dahi şəxsiyyətlərin əhatəsində böyümüşəm. Gözümü açandan Azərbaycan mədəniyyətinin ustad sənətkarlarını və tanınmış yazarlarını evimizdə görmüşəm. Hamısı atamla sıx dostluq edirdi. Çox gözəl xatirimdədir ki, evimizə gələn hər qonağı atam qəbul edir, lazım olan köməyi insanlardan əsirgəmirdi.

– Rəhbəri olduğunuz Xan Şuşinski Fondunun məqsədi, fəaliyyəti və gələcəkdə görüləcək işlər barədə də fikirlərinizi öyrənmək istərdik. Fond fəaliyyəti dövründə hansı uğurlara imza atmısınız?

– 2011-ci ildə atamın anadan olmasının 110 illiyi ərəfəsində ailə üzvləri olaraq biz Xan Şuşinski adına Fond yaratdıq. Bu fond yarandığı gündən dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Xan Şuşinski Fondu olaraq Mədəniyyət Nazirliyi, eləcə də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə bir çox uğurlu layihələr reallaşdırmışıq. Fond, həmçinin bir çox fəxri fərmanlarla təltif edilib. Eyni zamanda, həyata keçirdiyimiz “Azərbaycan musiqisinin dünəni, bu günü, sabahı”, “Məktəbli gənclər arasında milli musiqiyə marağı artırmaq”, “Milli musiqimizin qorunması” adlı layihələrlə milli musiqimizin qorunması və gələcək nəsillərə ötürülməsinə dəstəyimizi nümayiş etdirmişik. Bununla yanaşı, İtaliyanın Milan, Fransanın Lyon, Macarıstanın Budapeşt, Avstriyanın Vyana, Çexiyanın Praqa, İngiltərənin London, İspaniyanın Madrid, Barselona, Bosniya və Herseqovinanın Sarayevo şəhərlərində bir çox uğurlu tədbirlərə imza atmışıq. Bu il isə Niderlandın Haaqa şəhərində gözəl tədbir təşkil etmişik.

Həmçinin fond olaraq 20-yə yaxın ustad sənətkarımızın yubiley tədbirlərini, xatirə gecələrini təşkil etmişik. Bundan əlavə, respublika üzrə məktəbli gənclər arasında müsabiqə keçirmişik. Pandemiya dövründə onlayn dərslər keçirildiyi üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə məktəbli gənclərə planşetlər paylamışıq. Eyni zamanda, ölkəmizin bir çox regionlarında şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirlər keçirmişik. Layihələrimizdən biri də “Könlüm keçir Qarabağdan” olub. Həmçinin Gəncə, Xaçmaz, Lənkəranda da maraqlı tədbirlər təşkil etmişik. “Şuşa İli” çərçivəsində Heydər Əliyev Sarayında Xan Şuşinskiyə həsr olunan tədbirə, eləcə də “Qarabağ Azərbaycandır” adlı layihəyə imza atmışıq.

Onu da qeyd edim ki, ölkəmizdə muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə böyük işlər görülür. Bu istiqamətdə işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da layiqli töhfələr verir. Muğamın UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınması da bunun nəticəsidir. Sevinirik ki, ölkəmizdə muğam müsabiqələrinin keçirilməsi artıq ənənə halını alıb. Biz də çalışırıq ki, bu işə öz töhfəmizi verək. Xan Şuşinski Fondu olaraq məqsədimiz muğamı yaşadaraq dünyada təbliğ etmək, bölgələrimizin istedadlı gənclərini üzə çıxarmaq, ustad sənətkarlarımızın xatirə gecələrini, yubiley tədbirlərini keçirmək və Azərbaycan mədəniyyətinə xidmət etməkdir.

Həmçinin dahi muğam ustadı Xan Şuşinskinin zəngin irsinin yaşadılması, qorunması, tanıdılmasına və fondumuzun fəaliyyətinə göstərilən dəstəyə görə dövlətimizə, Mədəniyyət Nazirliyinə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dərin minnətdarlığımı bildirirəm.

– Atanız haqqında xatirələrinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik.