Xalq artisti Mirzə Babayevin anadan olmasından 111 il ötür

Xalq artisti Mirzə Babayevin anadan olmasından 111 il ötür

Onu hamı sevirdi. Şövqlə ifa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və yüzlərlə belə mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.

AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən olan Mirzə Babayevin anadan olmasından 111 il ötür.

Hər dəfə M.Babayevin sənət dünyası haqqında fikirləşəndə adama elə gəlir ki, o, ifa etdiyi mahnının musiqisini də, sözlərini də özü yazıb. Sənətkarın özünəməxsus üslubu – ifa zamanı bəzən pıçıltı ilə dediyi sözlər belə dinləyicinin bütün varlığına hopur.

Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin unudulmaz bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi mədəniyyətimizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer tapmışdı.

Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakıda, ziyalı ailəsində dünyaya göz açıb. O, 1935-1940-cı illərdə M.Əzizbəyov adına Sənaye İnstitutunun Memarlıq fakültəsində oxuyub. Böyük Vətən müharibəsini başlanması onun gələcək həyatını büsbütün dəyişdi, cəbhəyə getdi, bir çox döyüşlərdə igidliklər göstərdi. Musiqiyə böyük marağı onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirdi. 1953-cü ildə Konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçıların böyük rəğbətini qazandı.

Müğənni 30-dan artıq filmdə rol alıb. O, müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Görkəmli estrada müğənnisi dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi çıxış edib, milli estrada musiqimizi çox-çox yüksəklərə qaldırıb.

Mirzə Babayevin aktyor kimi müxtəlif rolları yüksək peşəkarlıqla ifa etməsi və bənzərsiz səsi ilə kino tariximizin qızıl səhifələrini yazıb. “Kölgələr sürünür”, “Qaraca qız”, “Sən niyə susursan”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” filmlərindəki epizodik rolları tamaşaçının yaddaşına əbədi həkk olunub. Onun bənzərsiz ifası obrazların daha qüvvətli alınmasına əhəmiyyətli dərəcədə təsir göstərib. “O olmasın, bu olsun” filmində Məşədi İbadın mahnılarını Mirzə Babayev oxuyub. Yaxud “Onu bağışlamaq olarmı?” filmində Tərlanın mahnısı hər birimizin qəlbindədir.

Ensiklopedik biliyə malik olan Mirzə Babayevin fəaliyyətində, şübhəsiz, əsas yeri müğənnilik tutur. Çox məhsuldar yaradıcılığa malik sənətkarın 1998-2002-ci illərdə 3 diski çıxıb, 1999-cu ildə isə Heydər Əliyev Sarayında solo konserti olub.

Mirzə Babayev 2003-cü il yanvarın 13-də, ömrünün 90-cı ilində dünyasını dəyişib.

Onun milli musiqi mədəniyyəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilib, Vətənin ən yüksək fəxri adlarına layiq görülüb, bir sıra orden və medallarla təltif olub.

İllər, qərinələr keçəcək, lakin unudulmaz estrada ulduzu Mirzə Babayevin zəngin musiqi irsinin şölələri heç vaxt sönməyəcək. Bu böyük sənətkarın yaradıcılığından bir məktəb olaraq neçə-neçə nəsillər bəhrələnəcək.