Valeri Əliyev: Azərbaycanı təbliğ etməkdən zövq alıram

Valeri Əliyev: Azərbaycanı təbliğ etməkdən zövq alıram

Tbilisi, 5 oktyabr, AZƏRTAC

Bu gün Gürcüstanda qeyd olunan “Tbilisoba” bayramı çərçivəsində Azərbaycanı təbliğ etməkdən zövq alıram. Mənim Azərbaycana və azərbaycanlılara böyük hörmətim var.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Sizin Valeri” xeyriyyə fondunun təsisçisi və rəhbəri Valeri Anatoliyeviç Əliyev söyləyib.

Fondun rəhbəri və əməkdaşları “Tbilisoba” bayramı çərçivəsində üzərində Azərbaycan Bayrağı, “Qarabağ”, “Qarabağ Azərbaycandır” yazılmış şokolad məhsulları nümayiş etdiriblər.

Azərbaycan konyakı və şirniyyatlarından hazırlanmış şokoladların bayram münasibətilə guşələri ziyarət edənlərə xüsusi zövq verdiyini deyən V.Əliyev əlavə edib: “Azərbaycan Ordusunun Vətən müharibəsindəki Qələbəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə sürətlə quruculuq işləri həyata keçirilir. Azərbaycan həmin torpaqları işğal edənlərin nümayəndələrinə qarşı zorakılıq etmədi. Əksinə onlara rahat həyat söz verdi. Bu, Azərbaycanın humanizm prinsiplərinə əməl etdiyini bir daha göstərdi. Mən də üzərində Azərbaycan atributları, Azərbaycanın liderlərinin şəkilləri olan şokolad məhsulları istehsal edərək yaymaqla, satmaqla Azərbaycanın həqiqətən də sülhsevər ölkə olduğunu dünyaya çatdırmaq istəyirəm”.

Qeyd edək ki, “Sizin Valeri” xeyriyyə fondu istehsal etdiyi məhsulların satışından əldə etdiyi gəlirləri Ukrayna müharibəsindən zərər çəkənlərə göndərir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi