“Tikiş qabiliyyəti olmayan kuklaçılıqla məşğul ola bilməz”

“Konseptual heykəltəraşlıq” da adlandırılan kuklaçılıq qədim incəsənət növlərindən biridir. Bu sənət parça, kağız, taxta qırıqları və kötükdən müxtəlif kuklaların hazırlanması ilə ortaya çıxıb. Nəsildən-nəsilə ötürülərək müasir dövrə kimi gəlib çıxan bu sənətlə günümüzdə biznes məqsədilə məşğul olanlar da kifayət qədərdir.

2013-cü ildən professional olaraq bu işlə məşğul olan kukla ustası Ülviyyə Şahverdiyeva hələ uşaq vaxtlarından əl işlərinə marağı olduğunu deyir:

“Təsadüfən qarşıma parça kuklalar çıxdı. Yoxlamaq istədim və gördüm ki, alınır. Elə həmin gündən bu işlə məşğulam. İlk əl işimi kapron corablardan hazırladım. Bu materialla hazırlanan kuklalar üzərində  işləmək bir qədər çətindir. Bu material üzərində akrel boyalarla işlədikdə heç də həmişə yaxşı  nəticə əldə etmək olmur. Buna görə də, üz cizgilərini hazırlayarkən boya əvəzinə muncuqlardan istifadə olunur. Bütün çətinliklərə baxmayaraq, bu sahədə biliklərimi inkişaf etdirdim. Hazırda bu sahə ilə biznes məqsədilə məşğul oluram”.

 Ülviyyə xanım yaxşı kukla ustası olmaq üçün ilk öncə səbrli olmağın vacibliyini vurğulayır. Onun sözlərinə görə,  kuklaçılıqda zövq önəmli məqamlardan biridir:

“Tikiş qabiliyyəti olmayan kəs bu işlə məşğul ola bilməz. Çünki hər şey çəkilən eskizi parça üzərinə köçürməklə başlayır. Burada doğru ölçü çox vacibdir. Obrazı tamamlamaq üçün isə rəssamlıq bilgiləri lazımdır. Bu daha çox geyimə uyğun aksesuar seçimində gərəkli olur”.

Geyimlə üz cizgilərinin bir-birini tamamlaması üçün öncə kuklanın geyiminin hazırlanmalı olduğunu bildirən kukla ustası bu işin texnikasından danışır:

“İlk olaraq qərarlaşdırdığımız obrazın  kağız üzərində sxemini hazırlayıram. Sxemi parça üzərinə köçürdükdən sonra tikməyə başlayıram. Hazırlanan bədənin içi əlyafla (ağac və ya bitkinin gövdəsində mövcud olan incə və ipvari hissələr) doldurulur. Bədəni əlyafla elə doldurmaq lazımdır ki, kukla sərbəst şəkildə ayaqda dura bilsin. Əl, ayaq, baş birləşdirildikdən sonra bu bədənə  uyğun geyim, daha sonra geyimə uyğun üz cizgiləri seçilir. Hazırlanma texnikasından asılı olaraq hazırlanma müddət də dəyişir. Elə kukla olur ki, 3-5 günə eləsi də olur ki, 15-20 günə hazır olur”.

Ülviyyə xanım gözəl görüntü və yüksək keyfiyyət əldə etmək üçün 100 faiz pambıq materiallardan istifadə etdiyini bildirir:

“Kuklaların saçını rəngləmək üçün xanımların istifadə etdiyi saç boyalarından və təbii boyalardan istifadə edirəm. Qəhvəyi rəngi əldə etmək üçün soğan qabığı əvəzolunmaz vasitədir. İynəyə gəldikdə isə, kuklaçılıq üçün nəzərdə tutulan xüsusi iynə yoxdur. Adi tikiş iynəsi yetərlidir. Sadəcə kuklanın bədəni əlyafla sıx doldurulduğundan əlimizi zədələməmək üçün böyük  ölçülü iynələrə üstünlük verilməlidir. Üz nahiyəsində akrel boyalardan, pastel qələmlərdən və xanımların istifadə etdiyi kölgələrdən və ənlikdən istifadə olunur. İlk başda xaricdən sifariş verdiyim hazır aksesuarlardan istifadə edirdim. Bu qiymətə təsir edirdi. Artıq çanta, eynək, ayaqqabı, papaq və şərfi  özüm hazırlayıram.

Milli ruhlu  kuklaları hazırlamağın çətin olduğunu qeyd edən kukla ustası burada detalların həddindən artıq olduğunu deyir:

“ Yerli alıcılara nisbətən milli  kuklalar daha çox əcnəbilərin maraq dairəsindədir. Hazırda isə  daha çox “boho” və “şebe” üslubunda kukla hazırlayıram. “Şebe” də rəngli düymələrdən, lentlərdən, güpürlərdən, cürbəcür çiçəklərdən istifadə olunur. Belə kuklalar daha dəbdəbəli görünür. “Boho”da isə qaba və qırışlı parçalara üstünlük verilir. Budaha çox müasir geyim tərzini  xatırladır”.

Hazırda sevdiyi işlə məşğul olan Ülviyyə Şahverdiyeva gələcək planlarından da bəhs edir:

“Uzun müddət mühasib işləmişəm. Anlayırdım ki, bu işdə özümü tapmıram, bu sevdiyim iş deyil. Çox şadam ki, kuklaçılığa başladım. İndi özümü çox yaxşı hiss edirəm. Yaradıcılıqla məşğul olmaq insanı rahatladır. Ümid edirəm ki, yaxın gələcəkdə öz şəxsi mağazamı açacağam və bu işin sirlərini başqalarına da  öyrədəcəyəm”.

 

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin