“Teleserialda ssenarist çəkilişə tabedir”

Serialların yaradıcı heyətinin işləri ilə  silsilə yazılarımızda tanış oluruq. Növbəti mövzumuz seriallarda ssenarinin yazılması haqqındadır. Mövzu ilə əlaqədar yazıçı, kinodramaturq İlqar Fəhmi və yazıçı, ssenarist Vüsal Nuru, Artnews.az saytına fikirlərini bildiriblər.

İlqar Fəhminin sözlərinə görə, teleserialda ssenarist çəkilişə tabedir, serial nəyi diqtə edirsə, onu da yazmalıdır, kinossenaridə isə əksinədir:

“Kinoserialda əvvəlcədən 10-15 seriya yazılıb qurtarandan sonra çəkilişlər başlayır. Teleserial isə həftəlikdir. Burada ssenarini həftə ərzində yazıb çəkirsən. Kinoserialda sən bütün incəlikləri nəzərə alıb sonra çəkiliş edirsənsə, teleserialda  bütün incəlikləri nəzərə almaq olmur. Çünki çəkiliş prosesində hansısa aktyor gedə bilər, prodüser, sponsor dəyişə bilər və s. Serial sahəsində müəyyən təcrübə qazandıqca artıq bilirsən ki, çəkilişdə hansı problemlər yarana bilər və buna uyğun olaraq ssenarini dəyişə bilərsən”.

 Rejissor onu da qeyd edir ki, konflikt ardıcıllığının düzgün qurulduğu ssenari uğurlu ssenaridir:

“Sosial motivli ssenarilər tamaşaçı üçün daha maraqlı olur. Hər qısa müddətdən sonra serialdakı hadisələri gərginləşdirməlisən ki, tamaşaçının diqqətini cəlb edəsən. Televizorun pultu həmişə tamaşaçının əlindədir, 10-15 dəqiqə baxandan sonra serial onun üçün maraqsız gəldisə, başqa kanala çevirəcək. Onu “məcbur etməlisən” ki, pultun başqa düyməsini basmasın”.

Ssenarinin bədii əsər əsasında çəkilməsinə münasibət bildirən İlqar bəy  düşünür ki, əgər bədii əsər uğurludursa, tamaşaçı onu sevirsə, həmin bədii əsər əsasında ssenari yazmaq daha yaxşıdır:

“Serial bədii əsər əsasında yazılırsa, tamaşaçıya o, maraqlı olur ki, görəsən, rejissor bədii əsərdəki hadisələri ekranda necə qurub?  Amma bəzi rejissorlar da istəyir ki, öz fantaziyası əsasında ssenari yazılsın. Bu fərdi yanaşmadır. Hərənin öz üslubu var”.

Seriallarda ssenari işi haqqında məlumat verən yazıçı, ssenarist Vüsal Nuru ssenarinin yazılmasının büdcəyə uyğun hesablandığını qeyd edir:

“Ssenaridə elə məkanlar, elə rekvizitlər yazılır ki, xərci çox olmasın, asan tapılsın. Rejissor, prodüser çalışır ki, filmə ayrılmış məbləğ görüləcək işə çatsın, bir az da artıq qalsın. Ona görə nələrisə ixtisar etməyə məcbur olursan. Bu da istədiyin kimi ssenarini ortaya çıxarmağa imkan vermir. Mətbəx serialı-iki qadının qeybətini yazmağa məcbur olursan”.

Vüsal bəy düşünür ki, hansısa aktyoru  nəzərdə tutub ona uyğun ssenari yazanda çox vaxt yaxşı nəticə vermir:

“Türkiyə və Rusiyada olduğu qədər bizdə elə də çox aktyor yoxdur. Odur ki, hansı seriala baxsan təxminən eyni simaları başqa və ya təxminən eyni obrazda görəcəksən. Bizdə əsasən ssenari yazılır, ona uyğun aktyor dəvət edilir”.

Ssenaristin sözlərinə görə, ssenarinin bədii əsər əsasında maraqlı çəkilməsi rejissordan asılıdır:

“Elə əsərlər var ki, onu ssenariləşdirib yaxşı serial çəkmək olar. Əlibala Hacızadənin “İtkin gəlin”i buna sübutdur. Salam Qədirzadənin də bir neçə əsərini ssenariyə çevirmək olar. Əksər rejissorlarımız öz ideyalarını, mövzularını ssenariləşdirməyi daha münasib bilirlər. Bu həm məkan, həm də zaman baxımından rejissorları maraqlandırır”.

 

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin