Tbilisidəki “Axali Taoba” məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan dostluğuna həsr olunmuş tədbir keçirilib

Tbilisi, 11 oktyabr, AZƏRTAC

Tbilisidə fəaliyyət göstərən “Axali Taoba” (Yeni Nəsil) məktəbinin şagirdləri M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan, Türkiyə və Gürcüstan dostluğuna həsr olunmuş maraqlı proqram nümayiş etdiriblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin, Türkiyənin Yunus Əmrə İnstitutunun Tbilisi təmsilçiliyinin məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Muzeyin direktor müavini Leyla Əliyeva bildirib ki, tədbirin təşkilində məqsəd gənc nəslin daha fəal və parlaq düşüncə ilə böyüməsinə dəstək verməkdir.

Məktəbin direktoru Ana Ustiaşvili isə bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan dostluğuna həsr olunmuş tədbirin xüsusi önəmi var. Məktəblilərin hazırladıqları proqramın əsas məqsədi fərqli mədəniyyətlərə, dinlərə sahib olan insanların sülh, sabitlik, dostluq və qardaşlıq şəraitində birgə yaşamasının mümkünlüyünü nümayiş etdirməkdir.

Sonra məktəblilər Azərbaycan haqqında maraqlı təqdimatla çıxış ediblər. İlk növbədə, Azərbaycanın tarixi, mədəni, dini abidələri, mədəniyyəti və incəsənəti barədə məlumat verilib. Eyni zamanda, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa haqqında təqdimat olub. Şuşanın tarixi, Azərbaycan üçün mühüm əhəmiyyəti, əsrarəngiz təbiəti barədə süjet təqdim olunub.

Daha sonra Türkiyə və Gürcüstanın tarixi, mədəniyyəti və incəsənəti barədə ətraflı məlumatlar verilib.

Bu cür tədbirlərin əhəmiyyətindən danışan Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Ramiz Hacızadə məktəblilərə ölkəmizin mədəniyyəti barədə ətraflı məlumat verib. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyini diqqətə çatdırıb, Şuşa şəhərinin mədəniyyətimizə olan töhfələrindən bəhs edən səfirlik rəsmisi dahi bəstəkar Üzeyir Hacıbəylinin, Xan qızı Xurşidbanu Natəvanın, Molla Pənah Vaqifin, Mir Möhsün Nəvvabın və Şuşadan olan digər dahi şəxsiyyətlərin həyat və yaradıcılığı barədə təqdimatla çıxış edib, eləcə də Şuşanın arxitekturası, incəsənəti və tarixi abidələri barədə söz açıb.

Qeyd olunub ki, Şuşa şəhəri ICESCO tərəfindən 2024-cü il üçün İslam Dünyasının Mədəniyyət paytaxtı elan edilib.

28 il Ermənistanın işğalı altında qalmasına baxmayaraq, Şuşa şəhəri Azərbaycan ruhunu itirməyib. 2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edib. Şuşada Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktlarından bəhs edən diplomat bu gün artıq Şuşa şəhərinin müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini xüsusi vurğulayıb.

Qeyd olunub ki, “Yeni Nəsil” məktəbinin şagirdlərinin hazırladığı bu proqram Azərbaycan, Gürcüstan və Türkiyə dostluğuna bir töhfədir.

Yunus Əmrə İnstitutunun Tbilisi üzrə əlaqələndiricisi Zəkəriyyə Gültəkin də çıxışında bu cür tədbirlərin əhəmiyyətindən danışıb. Bildirib ki, şagirdlərin hazırladıqları bu proqram, xüsusən də Azərbaycanın işğaldan azad olunmuş ərazisi – Şuşa haqqında geniş məlumat həqiqətən də çox önəmlidir. Onun sözlərinə görə, Şuşa təkcə Azərbaycan üçün deyil, Gürcüstan və Türkiyə üçün də mühüm əhəmiyyət kəsb edən mədəniyyət ocağıdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi