Şuşaya bayraq asan Cəngavər: Ən ali arzuma çatmışam

Uşaqlıqdan hərbçi olmağı qarşıma məqsəd qoymuşdum. Ona görə təhsilimə Heydər Əliyev adına Bakı Ali Hərbi Məktəbində başladım və oranı qırmızı diplomla bitirdim. Vətənə xidmət yolunda tək arzum doğma torpaqlarımızın işğaldan azad edilməsi, Şuşaya daxil olaraq bayraq sancmaq idi.

Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi iştirakçısı polkovnik Rəşad Aslanov deyib.

Onu hərb sənətinə aparan yoldan, bu yolda əməyi keçən insanlardan danışan polkovnik R.Aslanov Ali Baş Komandan, Prezident İlham Əliyevin əmr və tapşırıqlarını həyata keçirmək üçün daim hazır olduğunu vurğulayıb: “Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Xoşbəxtəm ki, üçrəngli Bayrağımızı Şuşanın girişinə asmaqla ən ali arzuma nail oldum. Bayrağımızı Şuşaya sadəcə öz adıma deyil, bütün şəhidlərimizin, qazilərimizin, xalqımızın adına asdım. Bu vətənpərvərlik, milli ruh sevgisi tək mənim simamda yox, gələcək nəslə də nümunə həyat yolu olacaq. Biz artıq qalib dövlətin vətəndaşlarıyıq. Bu, xalqımız üçün qürurverici hissdir”.

X Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) stendini ziyarət edən Rəşad Aslanov özündən bəhs edən “Şuşaya bayraq asan Cəngavər” kitabını AZƏRTAC-a hədiyyə edib. Kitabın müəllifi hərbçi şair Zəminə Xınalıdır.

Sonda qonağa AZƏRTAC-ın xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Rəşad Aslanov Vətən müharibəsindəki şücaətlərinə görə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Qarabağ” ordeni, ”Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.