Rəssamlar nəslinin nümayəndəsi Rəna Tağıyeva: Sevgi hissi yaradıcılığımın həlledici amilidir

Rəssamlar nəslinin nümayəndəsi Rəna Tağıyeva: Sevgi hissi yaradıcılığımın həlledici amilidir

Sükunətin hökm sürdüyü, rahat və işıqlı bir emalatxanadayıq. Bu səliqəli məkanda yaradıcılıq ab-havası hiss olunur, hər yerdə tablolar və kitablar düzülüb, hətta boşqabdakı üzüm salxımı da natürmorta bənzəyən xüsusi rəsm görüntüsü yaradır. Mətbəxin küncündə isə çaynikin melodik səsi eşidilir.

AZƏRTAC-ın müxbiri rəssamlar nəslinin nümayəndəsi, mahir fırça ustası, rəsm çəkməyi beyin deyil, qəlb sənəti hesab edən Rəna Tağıyevanın qonağı olub. Yeri gəlmişkən, onun sözlərinə görə, bəzən onun ərsəyə gətirdiyi tablolar həyatda da öz canlı təcəssümünü tapır…

– Rəna xanım, siz ailənizdə üçüncü nəsil sənətkarsınız. Zəhmət olmasa babanız və atanız haqqında danışardınız.

– Mənim babam Abbasəli Tağıyev rəssam olub. O, Gəncədə yaşayıb, bu şəhərin yaradıcı ictimaiyyətində hörmət qazanıb. Atam Aydın Tağıyevi Bakıda və onun hüdudlarından kənarda istedadlı rəssam və əla monumentalist kimi tanıyır və hörmət edirdilər. Sankt-Peterburqda Vera Muxina Akademiyasında, Monumental şöbədə oxuyub, sonra Bakıya qayıdıb. Onun bir mozaik əsəri Salyanda raykomun beşmərtəbəli binasını bəzədi – təəssüf ki, bu mozaika söküldü və xilas edilmədi… Füzulidə də onun tematik mozaikası – 19 metrlik stela var idi. Bu əsər 90-cı illərdə yaradılıb, sonra düşmən atəşinə məruz qalıb və abidədən heç nə qalmayıb… Azərbaycanın bəzi şəhərlərində bir neçə kiçik əsər qorunub saxlanılıb. Yeri gəlmişkən, indi atamdan miras qalan emalatxanada işləyirəm. Emalatxana onun enerjisi ilə doludur. Mən bunu həmişə hiss etmişəm – bu, yaradıcılığımı təbliğ etməkdə mənə kömək edir.

– Atanızın və babanızın yolunu davam etdirəcəyinizi hansı məqamda anladınız?

– Rənglərin əhatəsində böyümüşəm. İkiotaqlı mənzilimiz var idi, otaqlardan biri atamın emalatxanası idi. (Gülür.) Həmin vaxt atamın hələ ayrıca emalatxanası yox idi. Boyaların arasında gəzişirdim. Hətta elə oldu ki, atam işə gedəndə anam palitrasını mənə uzatdı, boyaları onun içinə sıxdı və atamın əsərlərində nəyisə azacıq rəngləməyə icazə verdi. Ancaq atam gəlməmişdən əvvəl bütün bunlar silinməli, fırçalar yuyulmalı və yerinə qoyulmalı idi. Yağlı boya ilə boyama texnikasını sınamaq üçün o, mənə ilk kətanı verəndə, artıq gənc yaşlarımda onu mükəmməl mənimsəmişdim. Hər şey beləcə başladı.

– Siz Sankt-Peterburqda dünyaya gəlmisiniz, amma sonra Bakıda təhsil almısınız, yəni Azərbaycan rəssamlıq məktəbini keçmisiniz. Sankt-Peterburq sizin bədii üslubunuza hər hansı şəkildə təsir etdimi?

– Daha çox atamın məktəbi təsir etdi. Onun çox güclü məktəbi var idi. Məndə hələ onun əsərləri var, onların sərgisini təşkil edəcəyəm. Sənətsevərlər onun haqqında daha çox məlumat əldə edəcəklər.

– Sərgilərdən söz düşmüşkən. Beynəlxalq sərgilərdə iştirak etmisiniz. Əsərlərinizin çoxu şəxsi kolleksiyalardadır. Hansı ölkələrdə işiniz xüsusilə uğurludur?

– Rusiyada və Türkiyədə birgə sərgilərdə iştirak etmişəm. Əsərlərim Azərbaycanda, ABŞ-da və bir sıra başqa ölkələrdə şəxsi kolleksiyalardadır. Rəsmlərim ABŞ-da daha çox maraqla qarşılanır. Mən ən çox amerikalılarla işləyirəm.

– Sualı başqa rakursdan qoyaq. Hansı ölkənin sənəti sizə daha çox təsir edir?

– Meksikada olmamışam, amma uşaqlıqdan meksikalı rəssamların və monumentalistlərin əsərləri məni cəlb edir. Mən üç nəhəngin kitablarını oxuyaraq böyümüşəm: Xose Klemente Orosko, Oskar Nimeyer və David Sikeyros.

– Yaradıcılığınızda təkrarlanan simvol və ya texnika varmı? Yəni, bunun sayəsində əsərə baxıb bu, Rəna Tağıyevaya məxsusdur demək mümkün olsun!

– Bunları, belə desək, “refraksiyaları” görürsünüzmü? (Göstərir.) Bu üslub “Rayizm” adlanır. Amma mən ona bağlı deyiləm. Əsərlərimə baxan sənətşünaslar bunu mənə dedilər. Yeri gəlmişkən, mənim əsərlərim atamın əsərlərinə bənzəyir. Göründüyü kimi, bütün bunlar genlər vasitəsilə ötürülür. Sadəcə rəngləmə, mövzular fərqlidir. Mən daim dəyişirəm, hər hansı bir üsluba bağlı qalmaq istəmirəm, amma ümumiyyətlə, bütün işlərimdə bir növ həndəsi kontekst var. Bu, bəlkə də daxili vəziyyətdən, bir növ düzənli olmaqdan irəli gəlir.

-Siz, həmçinin Qobelen fakültəsində təhsil almısınız. Bu seçimi niyə etdiniz?

– Rəssamlıq onsuz da uşaqlıqdan mənim həyatımın mənasıdır. Qobelen isə öyrənə biləcəyim başqa bir istiqamətdir və o, dekorativ-tətbiqi sənət kimi mənim üçün maraqlı idi.

– Bu, şəxsən sizə nə verdi?

– Abstraksiyaya sərbəst yanaşanda ( bu bir üslubdur, qobelen üzərində işləyəndə), bunlar miniatürlərdə və xalçalarda mövcud olan sxemlərə əsaslanan düşünülmüş əsərlərdir. Kitablarım var ki, onların əsasında əvvəlcə üslubumu inkişaf etdirmişəm. İndi isə o, artıq bilavasitə formalaşıb.

– Qrafikaya necə gəldiniz?

– Qrafiklərimə Pikassonun təsiri olub. Onun işinə və qrafikasına aşiqəm. Pikasso o qədər canlı və kortəbiidir ki, onun kimi nəfəs almaq istəyirsən! Mən tamamilə fərqli qrafik əsərləri çəkirəm, amma icra texnikam onun sənətinə əsaslanır və indi özünəməxsus şəkildə inkişaf edir.

– Emalatxana ilə tanışlığımız zamanı mənə sözün əsl mənasında canlanan bir əsər göstərdiniz… Yaradıcılıq prosesinizin sehrli, mistik olduğunu söyləmək olarmı?

– Bəli. Fakt budur ki, mən 17 ildir ki, aykido ilə məşğulam. Bu, sadəcə idman deyil, harmoniya fəlsəfəsinin təcəssümüdür. “Ay” heroqliflərinin mənası harmoniya, birlik, sevgi, “Ki” daxili enerji, “Do” getdiyimiz yoldur. Artıq 17 ildir ki, ustadın rəhbərliyi altında olmağım da təbii ki, yaradıcılığıma təsir edir. Baxın, asılmış əsərlərdən biri də (Göstərir) “Ay” heroqlifinin “şəhəridir”. Bu, yaradıcılığın doğulduğu evimiz, emalatxanalarımız olan mərtəbəmizdir. Yaradıcılıq, həm də sevgidir. Həmçinin bəzi əsərlərdə heroqliflərdən istifadə edirəm və onlar semantik yük daşıyırlar.

– Necə oldu ki, aykido ilə məşğul oldunuz?

– İdmanla çox maraqlanmırdım, ruhani müəllim axtarırdım. Uca Allah onu aykido vasitəsilə göndərdi. Mənim bir senseyim (Yaponiyada müəllim-red.) var – Fərhad Ələsgərov. O, Aykido Federasiyasının prezidenti, güclü ustad və mənəvi müəllimdir. Fərhad mənə yol göstərir, ruhlandırır. Aykidonun əsas devizi “Ən yüksək qələbə, özün üzərində qələbədir”. Bu, öz üzərində çalışmaq, eqonu cilalamaq deməkdir. Yəni, hər yeni gün əvvəlkindən daha yaxşı olmağa çalışırsan, həm də yaradıcılıq sahəsində. Aykido harmoniya öyrədir və bu mənim işimə təsir edir. Sevgi vəziyyətində olmadan yarada bilmirəm. Məsələn, portret çəkirəmsə, hamını çəkmirəm. Rəsm prosesində modelə daha dərindən nüfuz edirəm. Onun mövcudluğu və əhvali-ruhiyyəsi mənə ötürülə bilər. Ona görə də nadir hallarda kimisə çəkirəm.

– Yəni, siz bundan imtina edə bilərsiniz?

– Bəli, edə bilərəm. Əgər bir insandan mənfi enerji alıramsa, bu, mənim bəzi prinsiplərimə ziddir. Adətən, modeli özüm seçirəm. Yaxud, müştəri müraciət etsə, onu həmkarlarıma yönləndirə bilərəm.

– Rəna xanım, yaxın gələcək üçün planlarınızdan danışın.

– Qarşıda məni maraqlı bir yol gözləyir. Nə vaxtsa maddi obrazlardan imtina etməyə başladım, daha çox təəssüratlar, sensasiyalar, atmosferə meyil etdim. İndi başa düşürəm ki, növbəti mərhələyə – aura öz yerində, amma əsərin hekayə danışan dili olmalıdır. Senseyimin rəhbərliyi altında bütün bəşəriyyətə fayda verəcək mövzuları əhatə etmək istəyirəm. Yəni belə bir cərəyan olacaq.

– Deyə bilərsinizmi ki, bu, bir sənətkar kimi sizin missiyanızdır?

– Bəli. Əminəm ki, bizim təkrar istehsal etdiyimiz bütün düşüncə formaları var və onlar reallaşır. Yəni, mənəvi müəllimimin fırçası olacağam. Mənə mənəvi səviyyədə nə öyrədirsə, onu fiziki olaraq ifadə edəcəyəm.

– Sizcə, incəsənət həqiqətən dünyanı xilas edə bilərmi?

– Mən belə düşünürəm. Yaradıcı insanların əlində belə bir fürsət var – dünyada nəyisə yaxşılığa doğru dəyişmək. Sənətkar beyindən yox, ruhdan yaratmalıdır. O, ali güclərlə, Uca Yaradanla bağlı olmalıdır və insanlara nur bəxş etməlidir.

Söhbətimizdən sonra eksperiment aparmaq qərarına gəlirik. Mən uzun ağ köynəyə bürünürəm, Rəna Tağıyeva isə rəsmini düz mənim üzərimdə çəkir. Beləliklə, mən həm model, həm də kətan oluram. Rəssamın dediyinə görə, o, əvvəl yalnız öz paltarlarını rəngləyirdi (yeri gəlmişkən, müsahibəyə də onu geyinmişdi). Biz bu inanılmaz proses zamanı demək olar ki, susurduq. Amma sonra Rəna Tağıyeva mənim enerjimi hiss edərək, ona uyğun rəng və naxış seçdiyini dedi. Mən, öz növbəmdə, hələ də bu heyrətamiz eksperimentin təsiri altındayam və qeyri-adi həmsöhbətimin – həqiqətən də ruhdan rəsm çəkən və əsərləri gerçəkdən də canlanan rəssamın təsirini hissi edirəm.