
Bu gün “Baku Cinema Breeze” beynəlxalq film festivalı çərçivəsində ilk dəfə olaraq Şərq və Mərkəzi Asiya ölkələrinin kino bazarı keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, tədbirin əsas məqsədi həmin ölkələrdə kino sənayesi sahəsində fəaliyyət göstərən biznes subyektlərinin sayının artırılması, onların arasında maraqlı yeni layihələrin həyata keçirilməsidir. Ümumiyyətlə, bu bazarın böyük potensialı var. Ona görə də bu gün burada digər ölkələrin nümayəndələri də təmsil olunurlar. Bazarda Kanada, ABŞ, Finlandiya və Avropa ölkələri, eyni zamanda, Hindistan, Koreya şirkətləri iştirak edirlər.
“Ümumiyyətlə, kino bazarı dünyada yaradıcı sənayelərin ən inkişaf edən sahələrindən biridir. Burada iqtisadi göstəricilər artır. Ölkəmizdə hazırda sosial-iqtisadi inkişaf strategiyasının icrası çərçivəsində yaradıcı sənayelərin inkişafı ilə bağlı olan tədbirlər, o cümlədən hədəflərdən biri kino sənayemizdə iqtisadi göstəricilərin artırılması nəzərdə tutulur. Burada həm məşğulluğun artırılması, həm də yeni biznes oyunçuların artırılması hədəf kimi qoyulur. Ona görə də hazırda bu tədbirdə bir neçə dövlət qurumunun birgə layihələr üzərində işləməsi fikrimcə, bizə böyük ümidlər verir”, – deyə şöbə müdiri əlavə edib.