“Rejissorun  bir nömrəli işi aktyorlarla işləməkdir”

Son illər Azərbaycan telekanallarında bir-birinin ardınca seriallar çəkilir. Bu gündən etibarən serialların rejissor, ssenari, aktyor işi, bəstəkarlıq və digər sahələri ilə silsilə yazılarımızda tanış olcağıq. İlk mövzumuz Azərbaycan seriallarında rejissor işi ilə bağlıdır. Bu mövzu ilə əlaqədər rejissor Rövşən İsax və Ramin Hacıyevin fikirlərini öyrəndik.  

Artnews.az saytına müsahibə verən rejissor Rövşən İsax düşünür ki, daha çox ailə-məişət mövzusunda olan seriallar  sevilir:

“Bunun əsas səbəbi seriallarımızın potensial tamaşaçı kütləsinin  əsasən evdar xanımlar olmasıdır. Fikir versəniz, bizdə ən çox sevilən türk serialları da ailə- məişət mövzusundadır. Bəlkə gələcəkdə Azərbaycanda fərqli mövzuda seriallar da çəkilə bilər. Mən nə zaman serial çəksəm, ailə-məişət mövzusunda çəkəcəm, amma ola bilər ki, Milli Televiziya və Radio  Şurası hərbi-vətənpərvərlik, tarixi mövzuda serial sifariş edərsə, o  mövzularda da seriallar çəkə bilərəm. Hansısa özəl kanalın və ya  rejissorun fərqli mövzuda serial çəkməsini isə düşünmürəm, çünki həmin seriallar tamaşaçı marağını cəlb etməz”.

Rejissor həmçinin  qeyd edir ki, serial çəkilişləri üçün əsasən tanıdığı, bacarığına, xasiyyətinə bələd olduğu aktyorları seçir:

“Düşünürəm  ki, bu seçimlər  işimizə müsbət təsir göstərir. Serial üçün aktyor seçimində axtarış edirik, rolun öhdəsindən gələ bilən, istedadı, xarici görünüşü, yaşı, rola uyğun gələn aktyorları seçirik.  Heç kim bu günə qədər kimisə mənə tapşırmayıb ki, onu seriala çək, amma bəzən də elə olub ki, aktyor dostlarıma filan obraz üçün müraciət etmişəm ki, kimisə məsləhət görsünlər. Tövsiyə edilən aktyoru sınaq çəkilişində yoxlamışıq və uyğun gəlibsə çəkmişik. Aktyor olmayan, təsadüfi insanlar isə seriallarda daha çox epizodik obrazlarda rol alırlar. Seriallarımda böyük rolları qeyri-peşəkarlara həvalə etmirəm”.

Rejissor Ramin Hacıyev isə serial üçün aktyor seçimini  ssenaristlərlə məsləhətləşərək aparır:

“Bəzən elə olur ki, hansısa aktyora görə ssenari yazırıq. Bu daha çox komediya seriallarına aiddir. Məsələn, aktyor Müşfiq Şahverdiyev üçün yazdığımız ssenarini oxusaq, bəlkə də bizə gülməli gəlməz, amma Müşfiq o rolu elə ifa edəcək ki, ona baxan insanlar güləcək. Çünki ssenari ona görə yazılıb və Müşfiq o rolda özünü oynayır. Amma elə də olur ki, ssenarini yazırıq və həmin ssenariyə uyğun aktyor dəvət edirik”.

Müsahibimiz Ramin bəy rejissorluq prinsiplərindən də danışıb:

“Mənim rejissoru olduğum seriallarda hər kəs öz işinin peşəkarıdır. Yaxşı filmi, serialı təkcə rejissor çəkmir, onu bütün heyət çəkir. Belə olduqda rejissorun işi daha da asanlaşır. Bəzi rejissorlar yalnız kadr qurmaqla məşğul olurlar. Düzdür, rejissor  operatorluq, qrim  və s. işləri də bacarmalıdır, ancaq rejissorun  bir nömrəli işi aktyorlarla işləməkdir. Rejissor öz istədiyini aktyora çatdırmağı bacarsa, aktyor da həmin rolu onun istədiyi kimi oynaya biləcək”.

 

 

 

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin