Azərbaycan Dövlət Yuğ Teatrında göstərilən tamaşalarda tamaşaçı zalının axırında – pultun yaxınlığında dayanan rejissor işığa və musiqiyə nəzarət edir, səhnədə baş verənləri diqqətlə izləyir. Təvazökarlıqla gülümsəyərək, sonda tamaşaçıların qarşısında baş əymək üçün səhnəyə çıxır. Onun sözlərinə görə, hər bir tamaşaya bir tədqiqat obyekti kimi yanaşır.
Söhbət Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru, eyni zamanda, xoreoqraf, aktyor, teatr və kino rejissoru, ssenarist Mikayıl Mikayılovdan gedir. “İlin ən yaxşı kino aktyoru” (2004), “İlin ən yaxşı teatr rejissoru” (2005), “Zirvə” mükafatının (2013) və Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) medalının laureatı AZƏRTAC-ın müxbiri ilə söhbətində öz yaradıcılıq yolu, teatrda fəaliyyəti haqqında danışıb.
-Mikayıl müəllim, siz Bakı Xoreoqrafiya Məktəbini (hazırda Bakı Xoreoqrafiya Akademiyası – red.) bitirmişiniz, sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu fakültəsində təhsil almısınız. Xoreoqrafiyaya gəlişiniz necə baş verdi?
-Bunun çox maraqlı tarixçəsi var. Anam Sona Mikayılova aktrisadır, o, Moskvada VGİK-i bitirib, amma balerina olmaq arzusunda idi. Bizi Bakı Xoreoqrafiya Məktəbinə göndərmək qərarına gəldi: əvvəlcə məni, sonra isə kiçik qardaşım Anarı. Amma sonda onun mənimlə bağlı arzusu baş tutmadı (gülür), amma qardaşımla hər şey yoluna düşdü – o, indi Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasının solistidir. Məni isə teatr dünyası cəlb etdi. Axı mən teatrda böyümüşəm. Həm də Yuğ Teatrında. Bu teatrın yaradıcısı Vaqif İbrahimoğlu hətta zəng də vermişdi ki, tamaşa başlayanda birinci onu mən çalım. Həmişə özümü dərk etmək üçün müxtəlif yollar axtarmışam. Rəqqas idim və model qismində müxtəlif çəkilişlərə dəvət alırdım. Məni Azərbaycan Dövlət Pantomima Teatrına tamaşa üçün rəqslərin xoreoqrafiyasına dəvət etdilər və elə oldu ki, bu teatrda işləmək üçün qaldım. Orada çalışdıqdan sonra qərara gəldim ki, universitetə daxil olmaq istəyirəm, amma aktyor olmaq istəmirəm; baxmayaraq ki, məndə bunun üçün qabiliyyət olduğunu, belə aktyorlara ehtiyac duyulduğunu dedilər. Amma rejissorluqla maraqlanırdım.
– Yekunda nəyə nail oldunuz? Xoreoqraf, aktyor, teatr rejissoru, kinorejissor – belə bir qarışıq peşə alınır. Rejissorun fərqli qiyafələrdə olması nə dərəcədə vacibdir?
– Bu, özünüz üçün bir axtarışdır. Mən tez-tez dərs dediyim tələbələrdən soruşuram – uşaqlar, teatr sizin üçün nə deməkdir? Çox vaxt onlar bunu müəyyən edə bilmirlər. Amma mən özüm üçün teatrı hər istəklərimi reallaşdıracağım müəyyən bir sahə kimi seçdim. Biz müxtəlif rollar oynayırıq: mən qatil də, fırıldaqçı da, qəhrəman da ola bilərəm… Bu da bizə müxtəlif obrazların daxili aləminə nüfuz etməyə kömək edir. Əgər bunu bacarmasanız, onda inkişaf da olmayacaq. Teatr isə bizə belə bir imkan yaradır.
– 2005-ci ildə Yuğ Teatrının rejissoru oldunuz. Dediyiniz kimi, belə çıxır ki, siz bu teatrda böyümüsünüz. Orada rejissor vəzifəsinə gəlmək necə idi? Uşaqlıqda bu haqda düşünə bilərdinizmi?
– Xeyr, heç ağlıma da gəlməzdi! Bir ölkənin Yuğ Teatrı kimi gənclərin inkişaf edə biləcəyi platformasının olması çox vacibdir. Pantomimanı tərk edəndə uzun müddət teatrda işləmədim. Telekanalda işləmişəm: televiziya rejissoru olmuşam, sənədli filmlər, televiziya filmləri çəkmişəm. Orada özümü sınadım və televiziyanın tamam ayrı fəaliyyət istiqaməti olduğunu anladım, sonra isə teatra qayıtdım. Televiziyadan gedəndən sonra Vaqif İbrahimoğlunu tez-tez görməyə başladım, çoxlu söhbətlərimiz olurdu. Məndə maraq doğurduğu üçün bu teatrın poetikasını öyrənməyə başladım. Elə alındı ki, teatr mənim həmfikirim oldu. Bir müddət sonra ilk tamaşamı – Qoqolun əsəri əsasında “Dəlinin Viy adlı canavar haqqında qeydləri”ni səhnələşdirdim. Bu, sözləri olmayan psixoloji-plastik qrotesk idi. Sankt-Peterburqda, Gürcüstanda keçirilən beynəlxalq festivallara dəvət almışdıq. Bu tamaşada hər şeyi ifadə etməyə çalışdım. Qoqolun əsərlərinin hamısını oxudum, tərcümeyi-halını öyrəndim. Adətən materialla tanış olanda, yazıçının özünün həyatını öyrənirəm. Mənim üçün hər tamaşa bir növ kəşfdir, özüm üçün nələrisə aşkar edirəm.
-Teatrınızı avanqard adlandırırlar. Bunun mənası nədir?
-Yuğ Teatrının avanqard olduğunu deməzdim. Bu, daha çox anlamda postdramatik dövrün teatrıdır. Həmin dövr ötən sərin 70-ci illərindən sonra Avropada başlayıb. Azərbaycanda isə Psixosof poetikasını yaradan və onun əsasında postdramatik teatrın çərçivəsindən kənara çıxmağa imkan verən Vaqif İbrahimoğlunun sayəsində təşəkkül tapıb.
-Teatrınızın yeni açıldığı vaxt onun zamanı qabaqladığını söyləmək olarmı?
-Zənnimcə, teatrın inkişafı prosesinə nəzər yetirsək, biz hətta yubanmışdıq. Elə həmin pantomima teatrı da bizdə gec açılıb. Azərbaycanda belə tendensiyalar yox idi. Vaqif İbrahimoğlunun zamanı qabaqlamasına gəldikdə, artıq bunu gələcək göstərəcək. Çünki Yuğ Teatrı öz inkişaf yolunu davam etdirəcək və gələcəkdə deyə biləcəyik ki, dünya miqyasında zamanı qabaqlaya bilib və yeni səhifə açıbmı? Bu, çox gözəl olacaq!
-Belə olan halda, indiki zamandan danışaq. Bu gün teatrınızın vəziyyəti necədir?
-Bu gün teatrımız özünü evsiz insan kimi hiss edir…(Gülür). Onun “siması” da yoxdur. (Hazırda Yuğ Teatrı Azərbaycan Dövlət Kukla Teatrının binasında fəaliyyət göstərir – müəllif).
-Dayanın, axı teatrın “siması” təkcə bina demək deyil.
-Teatrın “siması” səhnə və insanlardır. Yuğ Teatrı məhz insanların sayəsində fəaliyyətini davam etdirir. Amma həmin insanlar yaradıcılıq məkanını hiss etmirsə…Belə şəraitdə neçə il davam gətirmək olar?
-Bu şərait hər hansı formada teatrın yaradıcılığına təsir edirmi?
-Əlbəttə. Mənfi təsir edir. Müsbət tendensiya yaranmışdı, indi də var, mövcuddur. Ancaq fəaliyyətimiz daha güclü ola bilər. Şərait isə həvəsi azaldır… Əvvəllər Yuğ Teatrı Azərbaycan Dram Teatrının arxasındakı qədim binada yerləşirdi – orada bir ab-hava var idi ki! İçəri girib teatrın “simasını” görürsən. İndi teatrın hansı “siması” var?.. Həm də öz binasının olmaması bir çox prosesləri ləngidir – məsələn, başqa teatrları dəvət edə bilmirik. Bizi dəvət edirlər, amma onları dəvət etməyə yerimiz yoxdur…
– Bəs janr baxımından? Yuğ Teatrının poetikası tamaşaçılar tərəfindən necə qarşılanır?
– Bəli, tələb var! Təbii ki, öz binamız olanda və tamaşaçı daha çox olanda. Amma köçdükdən sonra çoxlu tamaşaçını itirdik. İstiqamət itirildi və indi biz onu geri qaytarırıq. Tamaşaçı maraqla gəlir! Bizdə aktyorla tamaşaçı arasında ünsiyyət var və auditoriya özü tamaşanın iştirakçısına çevrilir.
– Yuğ Teatrının poetikasından ətraflı danışın. Hansı dramaturqlar buna daha ahəngdar şəkildə uyğun gəlirlər?
-Ümumiyyətlə, “Yuğ” qədim türk sözü olub, xüsusi dəfn mərasimi mənasındadır; məşhur qəhrəman dəfn olunanda, onun məzarı ətrafında həyatından səhnələr oynanılır, insanlar bu oyunları izləyir, həmin insanı son mənzilə yola salırdılar. Müxtəlif müəlliflərimiz var. İstənilən müəllifi götürüb bizim poetikaya uyğunlaşdıra bilərsiniz. Şəxsən mən müxtəlif müəlliflərə müraciət edirəm, o cümlədən xaricdə işləyəndə də.
– Xaricdə işləməkdən söz düşmüşkən, çox maraqlı təcrübəniz olub: bütün bunlar operada baş verib və Praqa Milli Teatrında səhnəyə qoyulan “İdomeney” tamaşasında Yoşi Oidanın köməkçisi olmusunuz. Yəni bu, yapon rejissoru idi…
-…Fransada yaşayırdı.
-Bəli! Çex teatrı. “İdomeney” bizdə Qədim Yunanıstandır.
-Üstəlik Motsart (Gülür).
-Həm də librettonun müəllifi italyan idi.
-Orada ABŞ, Macarıstan, Almaniyadan solistlər vardı, rəssam isə italyan idi.
-Yəni, tam bir beynəlmiləl heyət. Bu, necə baş verirdi? Axı burada ən müxtəlif mədəniyyətlər bir-birinə qarışmışdı…
-Orada hiss etdim ki, incəsənət adamları arasında fərq yoxdur. Tam mənəvi mənada. Baxmayaraq ki, biz müxtəlif sosial aləmlərdə yaşayırıq. Yoşi Oida özü çox maraqlı insandır, o, Lyuk Bessonun filmlərində rol alıb və teatrda işləyib. Çox danışdıq… Orada hiss etdim ki, düşüncəm başqa cür inkişaf etməyə başlayıb. Bu, mənə bir az təcrübə qazandırdı, bunun sayəsində indi hər şeyə fərqli baxıram. İşləmək çox maraqlı idi! Bu, bizim Mədəniyyət Nazirliyinin teatrın inkişafı üçün proqramı idi – xaricə səyahət etmək, təcrübə keçmək mümkün idi. Haraya getməyi özümüz tapdıq, özümüz razılaşdıq. Beləliklə, mən Almaniya və Çexiya ilə razılığa gəldim. Amma sonda Çexiyaya getdim. Tamaşanın premyerası Praqa Milli Teatrının tərkibinə daxil olan Praqadakı “The Estate Theatre” səhnəsində baş tutub. Bu, Motsartın ilk operası olan “Don Juan”ın tamaşaya qoyulduğu tarixi binadır. Orada teatr quruluşunun necə baş verdiyini izlədim və çox maraqlı təcrübə yaşadım. O vaxtdan Azərbaycanda opera səhnəyə qoymaq arzusunda olmuşam. Ona görə də təcrübə toplamaq üçün oraya getdim.
-Hansı operanı səhnələşdirmək istərdiniz?
-“Sehrli fleyta”nı. Motsartı çox bəyənirəm.
-Bəs kinoda hansı layihəni həyata keçirmək arzusundasınız?
-Bunu demək çətindir…Son vaxtlar kinodan bir az uzaqlaşmışam və hansı əsəri lentə alacağım barədə çoxdandır ki, düşünməmişəm. Məni daha çox Qədim Midiya, Atropatena mövzuları maraqlandırır. Qobustanda yoxa çıxmış Roma legionunun tarixçəsi də…
– Şəxsən sizin üçün teatr rejissorluğu ilə kino rejissorluğu arasında fərq nədən ibarətdir?
– Fərq ondadır ki, teatr canlı orqanizmdir. Bu, canlı prosesdir: insanlar toplaşır və iki qrupa bölünür – biri tamaşa göstərir, digəri isə baxır. Bu, əsrlər boyu yaşayıb və yaşayacaq. Dedilər ki, televiziya teatrı məhv edəcək – xeyr, internet də bunu edə bilmədi. Filmdə çəkdiyiniz kadrları dəyişə bilməzsiniz. Kinoda daimi təəssürat almaq olar, teatrda isə bu, mümkün deyil. Bu, yuxu kimidir. Tam aydındır ki, tamaşa da lentə alına bilər. Amma bu kadrlar canlı teatr effekti vermir. İnsanlar tamaşaya baxanda, enerji tamamilə fərqli olur. Kino da maraqlı prosesdir, amma bu janrda tamaşaçı ilə ünsiyyətdən məhrum olursan. Lakin teatrda hər şey səhnədəki “zaman və məkan” çərçivəsində baş verir.
– Bir aktyor kimi yenidən səhnəyə çıxmağı və ya filmə çəkilməyi düşünürsünüz?
– Düzünü desəm, yox. Nə vaxtsa mən təkadamlıq bir tamaşa göstərib özümü oynaya bilərəm. Amma hələ bu barədə düşünmürəm.
– Planlarınız nədən ibarətdir? Bizimlə paylaşmanızı xahiş edərdik.
– Bu yaxınlarda Yuğ Teatrında P.A.N.D.A. tamaşasının premyerasını keçirdik. Matey Vişnekin pyesi əsasında (prodüser Mikayıl Mikayılov – müəllifin qeydi). Bu, çox maraqlı oyundur! Yeni teatr mövsümündə də onu nümayiş etdirməyə davam edəcəyik. Daha sonra tamaşalarımızdan birini Estoniyaya aparmağı planlaşdırırıq. Teatr növbəti mövsümdə festivallarda iştirak etməyi planlaşdırır. Biz Gürcüstan və Qazaxıstanla da layihələr həyata keçirmək istəyirik. Avropa ölkələri ilə layihə ideyaları var, bütün bunlar hazırda danışıqlar mərhələsindədir. Qarşıdakı ikiqat yubiley üçün isə (Yuğ Teatrının bu il 35, Vaqif İbrahimoğlunun isə 75 yaşı tamam olur) teatrımızın keçdiyi yolu əbədiləşdirmək üçün onun poetikasından bəhs edən kitab buraxmaq istəyirik. Bu, gələcək üçün çox vacibdir!