“Realmadrid” Azərbaycan Məktəbinin növbəti uğuru

“Realmadrid Fondu”nun Azərbaycan Futbol Məktəbinin yığma komandası 24-28 iyun tarixlərində beynəlxalq turnirdə iştirak edib.

Artnews xəbər verir ki, əfsanəvi macar futbolçu Ferents Puşkaşın xatirəsinə həsr olunan ənənəvi “COPA – Alma 2019” kuboku uğrunda yarışlarda Azərbaycanla yanaşı, 7 ölkənin – Rusiya, Rumıniya, Bolqarıstan, İspaniya, Portuqaliya, Ukrayna və Macarıstan təmsilçiləri mübarizə aparıb.
“Realmadrid Fondu”nun böyük diqqət ayırdığı “COPA – Alma 2019” yenə də yüksək təşkilatçılıq və gərgin yarış proqramı ilə yadda qalıb. Təsadüfi deyil, iyun ayının 24-də keçirilən təntənəli açılış mərasimində fondun beynəlxalq zona üzrə baş meneceri Rosa Roncal Himenez və Avropa bölgəsi üzrə menecer Elena Fernandez kimi yüksək vəzifəli şəxslər iştirak ediblər.Reqlamentə və “Realmadrid Fondu”nun tələblərinə əsasən hər bir komandanın heyətinə oğlanlarla yanaşı, qızlar da daxil edilib. Azərbaycan Sosial Futbol Məktəbinin komandasının tərkibində 2004-2007-ci il təvəllüdlü 7 oğlan və 3 qız yer alıb.
Portuqaliya iki komanda ilə mübarizəyə qoşulduğuna görə, tədbirdə ümumilikdə 9 məktəbin yetirmələri qüvvəsini sınayıb. “Ferents Puşkaş Akademiyası”nın stadionunda və təlim-məşq meydançalarında keçirilən turnir iki mərhələdən ibarət olub. İyunun 25-də fərqli ölkələri təmsil edən uşaqlar arasında dostluğun möhkəmləndirilməsinə xidmət edən “İnteqrasiya Turniri” start götürüb. “Hörmət”, “Motivasiya” və “Bərabərlik” adlanan 3 liqada bütün iştirakçılar qarışıq komandalarda fərqli məqsədli futbol nümayiş etdiriblər.
Ertəsi gün isə yarışların əsas mərhələsi – “İdman oyunları” başlayıb. Burada püşk nəticəsində 3 qrup formalaşdırılıb. Azərbaycan yığması Rusiya, Bolqarıstan və Portuqaliya komandaları ilə görüşüb. Komandamız Rusiya ilə görüşdə qapısından 4 cavabsız top buraxıb. Bolqarıstana isə 6-1 hesabı ilə məğlub olub. Nəhayət, futbolçularımız sonuncu matçda Potuqaliya ilə qolsuz heç-heçə edərək ilk xalını qazanıb. Əsasnaməyə görə, qrupda tutulan yerlərə uyğun olaraq növbəti mərhələdə məktəbimizin təmsilçiləri digər qrupların sonuncuları ilə qarşılaşmalı olub. Portuqaliya (ikinci təmsilçi) (1-0) və Rumıniya (11-0) komandası ilə oyunlarda qələbə qazanan həmyerlilərimiz ikinci qrupda qalib olub. Yekunda ümumi xallara görə 4-cü olan “Realmadrid Fondu”nun Azərbaycan Futbol Məktəbi “Self-Esteem” nominasiyasına görə də xüsusi mükafatla – kubokla mükafatlandırılıb.
Qeyd edək ki, xallar oyunların nəticəsinə (qələbə 3 xal, heç-heçə 2 xal, məglubiyyət 1 xal), RESPECT göstəricilərinə görə və hər bir komandanın özünün və rəqibinin verdiyi qiymətlərə görə müəyyən edilib.
İstedadların yarışı
“COPA – Alma 2019”da uğurlarımız bununla yekunlaşmayıb. Turnirdən sonra uşaqların idmandankənar bəddi yaradıcılıq imkanlarını üzə çıxarmaq məqsədi daşıyan “GOT Talent Show” layihəsi üzrə yarışlar keçirilib. Səhnələşdirilmiş şoudan ibarət olan və hər iştirakçı komandaya ən azı 3 dəqiqə çıxış imkanı verən əyləncəli tədbirdə öz bacarıqlarını nümayiş etdirən komandamızın üzvləri ümumi hesabda 2-ci yerə layiq görülüb. Milli geyimdə səhnəyə çıxan futbolçularımız ifa etdikləri rəqslərlə tamaşaçıların rəğbətini qazanıblar. Birinci yer isə Ukrayna komandasının olub.
Xatırladıq ki, Gənclər və İdman Nazirliyinin və “Realmadrid Fondu”nun birgə layihəsi olan Azərbaycan Sosial Futbol Məktəbi 2013-cü ildən fəaliyyət göstərir. 6 il əvvəl imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq, yaradılan məktəb “Realmadrid Fondu”nun MDB məkanında birinci, Avropada səkkizinci layihəsi olub. 2013-2017-ci il tədris müddətini əhatə edən ilk mərhələdə görülən işlərin uğurlu olması ilə əlaqədar tərəflər əməkdaşlığı davam etdirmək qərarına gəliblər. Layihənin əsas tərəfdaşları Gənclər və İdman Nazirliyi ilə “Realmadrid Fondu”dur. 2018-ci ilin yanvar ayında yeni əməkdaşlıq müqaviləsi imzalanıb və məktəbin fəaliyyət müddəti daha 5 il uzadılıb.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin