Ədəbiyyat dünyası və mütaliə tərcihləri daim dəyişir. Bu il də istisna olmadı. Dünya ədəbi ictimaiyyəti üçün mühüm hadisələrdən biri – 76-cı Frankfurt kitab sərgisi artıq başa çatıb. AZƏRTAC xəbər verir ki, dövrün çağırışlarına baxmayaraq, kitab sənayesi inkişaf etməkdə davam edir, yeni reallıqlara uyğunlaşır və oxuculara müxtəlif, yüksəkkeyfiyyətli məzmun təklif edir.
Romantik ədəbiyyat builki kitab sərgisində daha populyar olub; Kolin Morqanın “The Ballad of Ronan McCoy, Bleyk Flaqanın “Jago Trevarno”, Keyt Eberlin “If Books Could Kill” bu qəbildəndir. Eyni zamanda, qorxu janrında kitablar – Şarlotta Krossun “The Brides”, Maks Dotinin “The House That Eats the Dead”, Cen Uilyamsın “The Sleepless”, Asako Yuzukinin “Butter” əsərləri hələ də oxucular üçün trend olaraq qalır.
Özünüinkişaf, psixologiya, tarix və elmlə bağlı kitablara da davamlı tələbat var idi. İnsanlar dünya haqqında biliklərini və anlayışlarını genişləndirməyə getdikcə daha çox maraq göstərirlər. Oxucular, həmçinin aktual sosial problemləri – irqçilik, gender bərabərliyi, ekologiya və digərlərini qaldıran kitablara da maraq göstərirlər.
İnformasiyaların hər dəqiqə yeniləndiyi müasir jurnalistikanın sürətli tempi fonunda xəbər yaradıcılarının özlərinin hansı ədəbiyyata üstünlük verdiyini öyrənməyi vacib hesab etdik. Azərbaycan jurnalistləri arasında kiçik sorğu keçirdikdən sonra həmkarlarımızın asudə vaxtlarında nə oxuduqlarını, hansı janrlara üstünlük verdiklərini öyrəndik.
Jurnalistlər psixologiya, özünüinkişaf, tarix, eləcə də detektiv hekayələr üzrə ədəbiyyata böyük maraq göstərirlər. Müəlliflər arasında ən populyarı alman yazıçısı Vulf Dorn olub. Respondentlər arasında həvəskar və müasir azərbaycanlı müəlliflər də az deyil. Göründüyü kimi, yaşlı nəsil jurnalistlər memuar və tarix kitablarını oxumağa üstünlük verirlər.
Nəticələr çox maraqlı idi və ədəbi zövqün rəngarəngliyini əks etdirdi. Son illərdə audiokitablar populyarlıq qazansa da, oxucular hələ də ənənəvi kağız nəşrlərə üstünlük verirlər.