“Qaya”nın məşhur mahnısının kaver versiyası əsasında klip buraxılıb

“Qaya”nın məşhur mahnısının kaver versiyası əsasında klip buraxılıb

Rejissor Sevil Həsənəlizadə gənc istedadlı müğənni Meq Əsədin ifa etdiyi məşhur “Ey həyat, sən nə qəribəsən” mahnısının kaver versiyası əsasında klip-film hazırlayıb. Mahnının orijinal ifası “Qaya” ansamblına məxsusdur, onun sözlərinin müəllifi Cabir Novruz, bəstəkarı isə Oqtay Kazımidir.

AZƏRTAC xəbər verir ki, maraqlı klipin ssenari müəllifi və rejissoru Sevil Həsənəlizadədir. Aranjirovka bəstəkar Fuat Cəfərov tərəfindən “Jafaroff Production” studiyasında edilib. Klip-filmin rejissor assistenti Aslan Müşkürov, operatoru Zaur Hüseynov, fotoqrafı Nicat Salamovdur. Qrim ustaları Leyla İbrahimova və Şərqiyə Salayevadır.

Klipdə baş rolları Meq Əsəd, Neymar Əsədov, Nicat Məmmədov, Yekaterina Arxangelskaya, Lalə Hacıyeva, Elçin Həsənov, Nicat Həşimli, Nailə Quliyeva, Tural Ağasıyev, Nərminə Nağıyeva, Riad Ağasıyev, Aydın Ağasıyev, Telman Qurbanov, Fidan Ağasıyeva, Aida Qurbanova, Əliyar Qurbanov ifa ediblər. Çəkilişlər İçərişəhərdə və Bakıxanov qəsəbəsində aparılıb.

Sevil Həsənəlizadənin sözlərinə görə, köhnə mahnılara yeni həyat vermək ideyası ona məxsusdur. Rejissor köhnə Azərbaycan mahnılarının kaver versiyalarından istifadə edərək silsilə kliplər çəkməyi planlaşdırır. Bu sikldə “Ey həyat, sən nə qəribəsən” mahnısı birinci olub, çünki rejissor çoxdan bu mahnını minorla dinləmək və bütün duyğuları videoda göstərmək arzusunda idi. Bu ideyanı videoda da rol alan vokalçı Meq Əsəd mükəmməl şəkildə təcəssüm etdirib.

“Mən Meqlə əsas rollardan birini oynadığı “Kraliça” tamaşamın kastinqində tanış oldum. Onun istedadının rəngarəngliyi mənə olduqca xoş təsir bağışladı, onlardan biri də gözəl vokal ifasıdır. Biz də bundan istifadə edib videoklip çəkmək qərarına gəldik. İdeya bu olsa da, düşündük ki, sadəcə klip olmasın. Bu layihədə göstərilən Mirzə ilə Əsmərin hekayəsi daha müfəssəl versiya tələb edirdi”, -deyə həmsöhbətimiz izah edir.

Meq Əsədin AZƏRTAC-a verdiyi açıqlamada qeyd olunur ki, o, layihənin ideyasını, klipin ssenarisini və süjetini çox bəyənib.

“Mən bu hekayədən çox ilhamlandım. Çəkiliş prosesi olduqca qızğın gedirdi! Bütün ideyaları həyata keçirmək üçün çoxlu səy və enerji sərf etdik. Burada bütün komandamız gərgin çalışdı. Gördüyümüz işdən məmnunam və hamımızla fəxr edirəm! Hər birimiz bu videofilmdə özümüzdən bir hissəni çəkmişik, ona görə də ümid edirəm ki, bütün tamaşaçılar bu hekayədən zövq alacaqlar”, -deyə Meq Əsəd bildirib.

Yaradıcı qrup bu layihənin həyata keçirilməsində əməyi olan hər kəsə – Təhminə Ağasiyeva, Yekaterina Arxangelskaya, Anar Xəlilov, İlqar Abdullayev və Aydan Əsədovaya xüsusi təşəkkürünü bildirir.