Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində özbək tələbələrə “Azərbaycanı tanıyaq” mövzusunda açıq dərs keçilib.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, açıq dərsdə Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Azərbaycan dilini öyrənməyə başlayan bir qrup tələbəsi iştirak edib.
Mərkəzin direktor müavini Nadir Əlimirzəyev tələbələrə Azərbaycan–Özbəkistan əlaqələrinin tarixi və inkişafı barədə ətraflı məlumat verib. O, eyni kökə malik olan xalqlarımızın tarixi, mədəniyyəti, ədəbiyyatı, adət-ənənələri haqqında söhbət açıb. Özbəkistan ilə Azərbaycan arasında əlaqələrin xüsusilə son illərdə durmadan genişləndiyini xüsusi vurğulayıb.
Nadir Əlimirzəyev, həmçinin tələbələrə Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı, 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə haqqında məlumat verib.
Tədbirdə Mədəniyyət Mərkəzinin Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə birgə bu ilin martında Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji və Daşkənd Dövlət Şərqşünaslıq universitetlərində keçirdiyi “Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsi barədə də məlumat verilib.
Görüşdə iştirak edən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva qiraət müsabiqəsinin keçirilməsində başlıca məqsədin Azərbaycan və özbək xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, həmçinin Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi işinə töhfə verilməsi olduğunu qeyd edib.
Qiraət müsabiqəsində ilk üç yerin qalibləri Lazizbek Nomozov, Rano Boriboyeva və Feruza Sultanova da tədbirin qonağı olub və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin dəstəyi ilə Bakıya səfərləri haqqında xoş təəssüratlarını bölüşüblər.
Sonra tələbələr Mədəniyyət Mərkəzində fəaliyyət göstərən muzeyləri və sərgi zalını gəzərək orada olan eksponatlarla, hər iki ölkənin tarixi və mədəniyyətini əks etdirən kitablarla, musiqi alətləri, milli geyimlər və s. ilə yaxından tanış olublar, “Azərbaycanı tanıyaq” adlı videoçarxa baxıblar.