Növbəti “TOPs” təlimləri Qusarda reallaşıb

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramının 6-cı mövsümü çərçivəsində növbəti təlimlər Qusar rayonunda təşkil olunub.

Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını “TOPs” metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bunun nəticəsi olaraq, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.

Təlimlərə Qusar rayonu üzrə 100-ə yaxın fiziki tərbiyə müəllimi cəlb olunub. Təlimlər boyunca müəllimlərə fiziki tərbiyə dərslərinin yeni metodologiya ilə öyrədilməsinin yolları, dərsləri oyunlar şəklində təşkil etməyin əsasları keçilib.

Təlimlər zamanı müəllimlərin praktiki bacarıqlarının artırılmasına və daha keyfiyyətli dərslərin tədrisinə nail olmaq üçün “TOPs” metodikası vasitəsilə praktiki fəaliyyətlər həyata keçirilib və yeni tədris metodları izah olunub. Təlimlərdə müəllimlərə metodiki tədris kartları da təqdim olunub. Bu kartlar Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanıb və gündəlik planlaşdırmanı əvəz edir.

“TOPs” təlimlərində iştirak edən müəllimlər mənimsədikləri müasir təlim üsullarını dərslərində tətbiq etməklə bərabər, həm də dərsdənkənar müxtəlif idman festivalları təşkil edəcəklər. Belə tədbirlər uşaqlarda həm fiziki, həm də liderlik bacarıqlarının inkişaf etdirilməsinə də imkan yaradacaq.

2019-2020 tədris ilində “TOPs” proqramına Bakı, Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Quba, Siyəzən, Xızı, Şabran, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə məktəblər cəlb olunub.

Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb. Proqram Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin