“Nəsildən-nəslə teatr” layihəsi təqdim olunub

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsini təqdim edib. Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilati dəstəyi ilə reallaşan tematik seminarın “Öz teatrını yarat” adlı ilk paneli teatrın kiçik səhnəsində keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusifin moderatorluğu ilə keçirilən panelin qonağı Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və bədii rəhbəri, Хalq artisti Bəxtiyar Xanızadə olub.

Seminarda MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov layihənin məqsədinin Azərbaycan teatrının inkişafına dəstək göstərmək, müasir beynəlxalq tendensiyaların teatra tətbiqi, bu sahəyə marağın artırılması, eləcə də gənclərin cəlb edilməsi və nəsillər arasında təcrübə mübadiləsinin təşkili olduğunu vurğulayıb.

B.Xanızadə gənclərlə teatr işinin təşkilində sosial-iqtisadi və bədii-konseptual aspektlər, ənənə, müasirlik, yeni yaradıcı tendensiyalar və s. mövzularda fikir mübadiləsi apararaq, teatr təcrübəsini bölüşüb.

“Nəsildən-nəslə teatr” seminarları çərçivəsində teatr sənətçiləri ilə interaktiv görüşlərin davamlı təşkili nəzərdə tutulur.