Moskvada Azərbaycanın Milli Musiqi Günü qeyd edilib VİDEO

Moskvada Azərbaycanın Milli Musiqi Günü qeyd edilib VİDEO

Moskva, 21 sentyabr, AZƏRTAC

Rusiya paytaxtındakı M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qara Qarayev adına Moskva Uşaq Musiqi Məktəbinin şagirdləri çıxış ediblər. Tədbirin aparıcısı musiqişünas, sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının sədri Rauf Fərhadov olub.

Tədbiri açan Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin müdiri Tamilla Əhmədova bildirib ki, hər il sentyabrın 18-də Azərbaycanda Milli Musiqi Günü geniş qeyd olunur. Bu tarix ölkəmizin iki böyük musiqiçisinin – Azərbaycan klassik musiqisinin baniləri Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin doğum günü ilə bağlıdır.

O qeyd edib ki, bu il Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpasından sonra Azərbaycan Prezidenti İlham Əliyev onun açılışında iştirak edib. Bu, bütün musiqiçilər üçün əla bayramdır.

“Azərbaycan milli musiqisi nəinki milli musiqi ənənələrini qoruyub saxlayan, həm də dünya mədəniyyətinə əvəzsiz töhfələr vermiş görkəmli bəstəkarların – Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələrinin əsərləridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi: “Hələ gəncliyimdə musiqidə nə qədər güc olduğunu hiss etdim. Musiqisiz insanlar yoxsuldurlar. Musiqi insanı sonsuz zənginləşdirir, ruhları düzəldir, onlara qeyri-adi güc verir. Əgər insanın həyatı musiqi ilə işıqlanırsa, o, quraq torpağa bərəkətli yağış yağan kimi canlanır”. Ümummilli Lider hesab edirdi ki, milli ruhun yüksəlişinin əsas şərtləri ana dili və musiqi mədəniyyətidir”.

T.Əhmədova vurğulayıb ki, Heydər Əliyev Fondu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə xalqımızın milli mədəniyyətinin qorunub saxlanmasına böyük diqqət yetirir: “Fond təkcə yaşlı nəslin musiqiçilərini deyil, həm də xarici ölkələrə təhsil almaq üçün gedən gənc istedadları dəstəkləyir”.

M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının direktoru Pavel Kuzmin tədbir iştirakçılarını Azərbaycanın Milli Musiqi Günü münasibətilə təbrik edib. O deyib: “Azərbaycan bizim ən yaxın dostumuzdur və biz oxucuları bu ölkənin mədəniyyəti, incəsənəti, adət-ənənələri ilə tanış etməkdən böyük məmnunluq duyuruq”.

Qara Qarayev adına Uşaq Musiqi Məktəbinin direktor müavini Tatyana Qalçinova gənc istedadlara dəstək verdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. O qeyd edib: “Musiqi insanları birləşdirir və biz şadıq ki, tələbələrimiz bu tədbirdə iştirak edirlər. Azərbaycan musiqisi səslənəndə, dərhal tanınır və yaddaqalan olur. Məktəb şagirdləri Azərbaycan bəstəkarlarının musiqilərini ifa etməkdən məmnundurlar”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva