Mineral daşların insanlara təsiri

Bəzən geyimimizi tamamlayan aksesuar, bəzən evimizin dizaynına təbiilik qatan əşya, bəzən isə sadəcə hədiyyəlik  olaraq baxdığımız mineral daşların əslində insan üçün əhəmiyyəti və faydası düşünüləndən daha çoxdur. Qədim zamanlardan insanların diqqətini cəlb edən bu daşlara müxtəlif dövrlərdə fərqli yanaşmalar olub. Xüsusilə, qədim Yunanıstanda və Hindistanda bu daşlara olan maraq onların rənglərinə, mənalarına və hətta təqvimə görə təsnifatına gətirib çıxarıb.

Müasir dövrdə də göy cisimləri və insanın daxili enerjisi ilə qarşılıqlı əlaqədə olduğu iddia edilən bu daşların tibbi əhəmiyyətinin olması isə sirr deyil.

Bu mövzu barədə suallarımızı cavablandıran mütəxəssis Tarçın Abdullalı daşların ötürdüyü enerji ilə insan orqanizmindəki energetik axını stimullaşdırdığını, lakin bəzən əks təsiri ola biləcəyini deyir:

“Bildiyimiz kimi insanda 7 ana çakra var. Bu çakraların hər birinin isə öz xüsusi daşı və özünə uyğun rəngi var. Məsələn, adi bir insan gəlir və onun diqqətini yaşıl rəngli malahit daşı çəkirsə, ondan xoşu gəlirsə deməli o insanın ürəyində hansısa bir problem var və bu onun orqanizminin enerjisinin o daşı tələb etməsindən ortaya çıxır. Məsələn, baş ağrıları, yuxusuzluqla bağlı problemi olanlar isə həmişə bənövşəyi rəngli ametist daşına yönəlir. Bəzi daşlar da var ki, onların enerjisi çox ağırdı, onlar gün ərzində 3 saatdan artıq istifadə olunmamalıdır. Məsələn, pirit daşını enerjisi çox yüksək olduğu üçün 3 saatdan artıq üzərimizdə saxlamamalıyıq. Əks halda baş ağrıları, yorğunluq yarada bilər”.

Belə bir fikir var ki, daşların təkcə insanlarla deyil göy cisimləri ilə də enerji əlaqəsi mövcuddur. Hətta buna uyğun olaraq hər bürcün öz daşları müəyyənləşdirilib. Məsələn, od ünsürü bürclərin daşları brilliant, rubin, safir, torpaq ünsürünün nefrit, aqat, lazurit, firuzə, malahit, su ünsürünün zümrüd, opal, ay daşı, hematit, hava ünsürünün isə ametist, topaz, zümrüd, sitrin kimi daşlardır.

Müsahibimiz bu barədə də fikirlərini bölüşür. O bildirir ki, həm də elə daşlar var, onlar hər bürcə uyğundur. Məsələn, əqiq daşı, nefrit daşını istənilən bürcün nümayəndəsi istifadə edə bilər.

Daşların mənşəyindən danışan Tarçın Abdullalı Azərbaycanda satışda olan mineral daşların bəzilərinin bölgələrdən çıxarıldığını, amma əksər daşların xarici ölkələrdən gətirildiyini qeyd edir:

“Satışda olan daşların  80%-i Rusiya, Braziliya, Hindistan, BƏƏ, Yəmən, Çexiya, Avstriya və başqa ölkələrdən gəlir. Azərbaycanda isə müalicəvi əhəmiyyəti olan, əsasən də duz tərkibli daşlar çıxarılır. Məsələn, Naxçıvanda çıxarılan duz tərkibli mineral daşlar var ki, onlar müalicə üçün istifadə olunur. Bundan başqa Daşkəsəndə də daşlar çıxarılır”.

Daşlardan ev dizaynında istifadə edən zaman isə diqqətli olmaq lazımdır. Elə daşlar ola bilər ki, rəng və estetik baxımdan dizaynınızı tamamlasın, lakin enerjisi sizə uyğun olmasın. Mütəxəssis dizayn üçün daş seçən zaman enerjisi az olanları məsləhət görür:

“Məsələn Ay daşı var ki, o aydan gəlib, metoerittərkibli hesab olunur. Onun enerjisi müsbətdir, onu gündəlik istifadə etdikdən sonra gecə ay işığının düşdüyü yerə qoysaq daşın enerjisini dəyişdiyini hiss edə bilərik. Ametist, əqiq daşı ev dizaynı üçün daha uyğundur. Ümumiyyətlə, ametist daşının evdə olmağı çox yaxşıdır. Bu daş enerjini neytrallaşdırır. Onu evdə elə yerləşdirmək lazımdır ki, evə girdiyimiz anda onu görək. Bu bizi rahatlaşdıracaq, stressi azaldacaq, mənfi enerjini özünə çəkəcək”.

Mənfi enerjini alan bu daşları vaxtlı-vaxtında təmizləmək də olduqca önəmlidir. Lakin hər daşın təmizlənmə üsulu başqadır. Bəzən zaman keçdikcə daşın üzərində yaranan aşınmalar da işinizi çətinləşdirə bilər. Tarçın bəy daşların təmizlənməsi barədə məsləhətlərini də bizimlə bölüşür:

“Hər daşın fərqli təmizlənmə metodu var. Elə daş var ki, adi axar su ilə təmizlənir, bunun da vaxtları var. Eləsi var bir saat, eləsi də var daha çox suyun altında qalmalıdır. Bəzi daşlar torpağa basdırılaraq təmizlənir, bəziləri günəş işığı ilə, bəzisi isə ay işığı ilə təmizlənir. Bunu daşı alan zaman mütləq soruşmaq lazımdır”.

Qeyd edək ki, mineral  daşların xüsusiyyətləri kimi qiymətləri də müxtəlifdir. Ən qiymətli daş hesab edilən brilyantı bu siyahıda opal, qırmızı zümrüd, jade kimi daşlar izləyir.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin