Kamal Abdullanın yeni kitabının təqdimatı keçirilib

İyulun 7-də Yuğ  Dövlət Teatrında yazıçı Kamal Abdullanın  “Kitabi-Dədə Qorqud poetikasına giriş” adlı kitabının təqdimatı olub . İki hissədən ibarət olan tədbirin bədii hissəsində teatrın aktyorları tərəfindən  yazıçının “Qarağacın kölgəsi” əsəri canlandırılıb. Daha sonra isə Kamal Abdullanın çıxışı ilə tədbirin müzakirə hissəsi baş tutub.

“Gizli Dədə Qorqud” silsilə çalışmalarının davamı olan bu kitab müqəddimə, “Mifoloji dansöküləndə bədiipoetik enerji axtarışları”adlanan birinci hissə, “Xüsusi qurmalar ibtidai bədiipoetiklik vasitələri kimi” adlanan ikinci hissə, ümumi nəticə, son söz və əlavələrdən ibarətdir. Müqəddimədə mif dövrü mətninin xüsusiyyətləri, ibtidai bədiipoetikliyin yaranma səbəbləri və kitabın adı haqqında qeydləri yer alır.

Tədbirin sonunda Niyazı Mehdi, Aydın Talıbzadə, Şərif Ağayar və başqaları çıxış edərək kitabla bağlı təəssüratlarını bildiriblər.

Belə tədbirlərin keçirilməsinə böyük ehtiyac  olduğunu deyən Əməkdar İncəsənət Xadimi Aydın Talıbzadə yazıçının yeni kitabını çox dəyərli saydığını, bu kimi əsərlərin Azərbaycan mədəniyyətini  zənginləşdirdiyini bildirib:

“Hər bir yazıçı, hər bir alim əslində özündə ada olaraq qalır. Bu adalar kəşf olunmalıdır. İnsanlar görkəmli şəxsiyyətlərin  kəşf etdiyi dünyanı görməlidirlər. Belə tədbirlərdə bu yazarlar öz dünyalarını göstərir, digərləri isə bu dünyaya qiymət verib ondan zövq alırlar. Kamal Abdullanın əsərləri oxucunu daim düşünməyə vadar edir. Necə ki, sehrbazların xüsusi bir çubuğu var, onlar bu çubuğu üfürərək və ya əllərində oynadaraq müxtəlif nəsnələr yaradırlar. Bax Kamal Abdullanın o sehrli çubuğu da “Kitabi-Dədə Qorqud”dur. O, bu dastanı əlində oynadaraq və ya üfürərək çox maraqlı, oxucuları düşündürəcək romanlar, pyeslər və şeirlər yazır”.

Təqdimatın onun üçün yaddaqalan olduğunu deyən Yuğ Dövlət Teatrının aktyoru Qasım Nağı fikirlərini “Kişi Maqazin”lə bölüşüb:

“Bu artıq kitabın üçüncü təqdimatıdır. Kitabı hələ ki oxuyuram, bitirə bilməmişəm. Kitabın müəyyən bölmələri diqqətimi daha çox cəlb edir. Bunlar “Dəşti Müstəqimiyyə” və ““Dəşti Müstəqimiyyə” ilə “Dəşti Məcaziyyə”nin münasibətləri” bölmələridir. Bu paraqrafları məni elə heyran edib ki, onları əzbər danışa bilərəm. Bugün bu görkəmli şəxsiyyətlərin, nəhəng simaların qarşısında mən bir fikir, bir söz bildirə bilmirəm. Təqdimatların hər üçü yadımdadır, bəlkə də, heç unutmayacağam”.

Qeyd edək ki, ümumilikdə, kitabda Dədə Qorqud mətnlərində sözün müstəqim və məcaz qatları haqqında elmi yanaşma, mağara ruhu, mağara mədəniyyəti, autentik mifdə potensial bədiipoetik enerjinin təzahürü və s. mövzulardan bəhs olunur.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin