İstedadlı rəssam Nərmin Nəcəfin yeni sərgisi açılıb

“Leyla Khazary ArtGallery”də istedadlı rəssam Nərmin Nəcəfin rəsm əsərlərindən ibarət yeni sərgisi açıb.

AZƏRTAC xəbər verir ki, “Göyrəngli ovqat” adlı sərgidə Bakıya həsr olunmuş “İşıq” seriyası, eləcə də “Kəlağayı”, “Nar” seriyası və digər rəsm əsərləri ziyarətçilərə təqdim olunub.

Rəssam əsərlərində göy rəngin arzular, ucalıq və harmoniyanı ifadə etdiyi bildirib. Qeyd edib ki, əsərləri üçün ilham mənbəyi olan göy rəngin çalarları insanların daxili dünyasını zənginliyini əks etdirir.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Rəssamın əsərlərində milli koloritə müasir baxış əks etdirilir və Azərbaycan mədəniyyəti və mədəni irs nümunələri rənglər və obrazlarla çatdırılır.

“Göyrəngli ovqat” sərgisi dekabrın 24-dək davam edəcək.