“Harmony” müsabiqə-festivalı başa çatıb

“Gürcü Folkloru və Klassik Musiqi İttifaqı”nın təşkilatçılığı ilə Batumi şəhərində keçirilən Klassik Musiqi İfaçılarının Vl Beynəlxalq “Harmony” müsabiqə-festivalı uğurla yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, müsabiqədə ölkəmizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) tələbə-müəllim heyəti müxtəlif nominasiyalar üzrə layiqli şəkildə təmsil edib.

Nümayəndə heyətinin rəhbəri, eyni zamanda müsabiqənin münsiflər heyətinin üzvü BMA-nın “Tədris işləri üzrə” prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva olub. Müsabiqədə Azərbaycan ifaçıları sertifikat və mükafatlara layiq görülüblər.

Tədbirin əsas məqsədi müxtəlif ölkələrin milli mədəniyyətlərinin təbliği, gənclərin dünya görüşünün və intellektual səviyyələrinin inkişafının təmin edilməsidir. Həmçinin layihə yeni istedadların tanınmasını və gənclər arasında təcrübə mübadiləsini həyata keçirir.