Gəncə və Mingəçevirdə TOPs təlimləri təşkil olunub

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramının 2019-2020-ci tədris ili üçün nəzərdə tutulan 6-cı mövsümü başlayıb.

Proqram Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bunun nəticəsi olaraq, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.

2019-2020-ci tədris ilində TOPs layihəsinin əhatə dairəsi daha da genişlənəcək. Bunun üçün xüsusi hazırlanmış TOPs təlimçiləri artıq təlimlərdə müasir təlim üsullarını öz həmkarlarına öyrətməyə çalışırlar. Bu mövsümdə ilk olaraq Gəncə və Mingəçevir şəhərlərinin bütün ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri təşkil olunub.

İlk təlimlər avqustun 26-dan Gəncə şəhərində keçirilib və sentyabrın 4-də yekunlaşıb. Gəncə şəhərindəki təlimlər 49 ümumtəhsil məktəbindən olan ümumilikdə 178 müəllimi əhatə edib. Mingəçevir təlimləri isə sentyabrın 5-dən 7-dək reallaşdırılıb və təlimlərə 21 məktəbdən 65 fiziki tərbiyə müəllimi cəlb olunub.

Təlimlər zamanı müəllimlərin praktiki bacarıqlarının artırılmasına və daha keyfiyyətli dərslərin tədrisinə nail olmaq üçün TOPs metodikası vasitəsilə praktiki fəaliyyətlər həyata keçirilib və yeni tədris metodları izah olunub.

Təlimlərdə müəllimlərə metodiki tədris kartları da təqdim olunub. Bu kartlar Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanıb və gündəlik planlaşdırmanı əvəz edir.

Təlimçilər bildirib ki, proqramın yeni mövsümü uğurla başlayıb. Artıq bütün regionlarda müəllimlər TOPs proqramı barədə məlumatlıdır və təlimləri gözləyirlər.

TOPs təlimlərində iştirak edən müəllimlər mənimsədikləri müasir təlim üsullarını dərslərində tətbiq etməklə bərabər, həm də dərsdənkənar müxtəlif idman festivalları təşkil edəcəklər. Belə tədbirlər uşaqlarda həm fiziki, həm də liderlik bacarıqlarının inkişaf etdirilməsinə də imkan yaradacaq.

Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin