Gənc rəssam: Ən böyük arzum Şuşanın gözəl təbiət mənzərələrini kətana köçürməkdir

Gənc rəssam: Ən böyük arzum Şuşanın gözəl təbiət mənzərələrini kətana köçürməkdir

Qızmar yay günlərinin birində İçərişəhərin dar, dolanbac küçələri arasında gedəcəyim ünvanı dəqiqləşdirirdim. Axtardığım məkanı tapıb qapıdan içəri daxil olarkən sanki rənglər aləminə düşdüm. Hər bir guşəsi bir-birindən gözəl rəsmlərlə, rəngli tablolarla dolu otaqda özümü bir anlıq nağıllar aləmində hiss etdim. Məni gülər üzlə qarşılayan müsahibim əsərləri və yaradıcılığı barədə məlumat vermək üçün səbirsizlənirdi.

Sənətkarlıq yolunda uğurla addımlayan Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Arifə Kərimlinin 22 yaşı var. O, gənc, istedadlı rəssam olmaqla yanaşı dünyaya çəhrayı rəngli eynəklərdən deyil, özünə məxsus baxış bucağından yanaşır.

Onun AZƏRTAC-a müsahibəsini təqdim edirik.

Kiçik yaşlarından rəssamlığa böyük marağı olan Arifə Kərimli dördüncü sinifdə oxuyarkən anası ona bu yolda dəstək olub: “Rəsm çəkmək artıq mənim üçün sehrə çevrilmişdi. Yaşımın az olmasına baxmayaraq daxili aləmimin rəssamlıqla qidalandığını anlamışdım. Artıq ətrafımda gördüyüm hər bir şeyə fərqli gözlə baxırdım. Təbiətin hər bir detalı mənim üçün yaradıcılığı əks etdirirdi. Gördüklərimi çəkən zaman məni fərqli hisslər bürüyürdü. Çəkdikcə ortaya gözəl nəticələr çıxırdı. Kiçik yaşlarımdan həvəskar olaraq başladığım bu sənət daha sonra həyatımın vacib hissəsinə çevrildi. Düşündüm ki, artıq həvəskar formada davam etdirdiyim sənətimi peşəkar olaraq inkişaf etdirməliyəm. Beləliklə qarşıma hədəf qoydum və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dizayn” ixtisasına qəbul oldum. Akademiyanı bir il olar bitirmişəm. Təhsil aldığım müddətdə ixtisasımla yanaşı müxtəlif janrda əsərlər üzərində işlədim və bu, yaradıcılığımı daha da inkişaf etdirdi. Rənglərin mənə hiss etdirdiyi o fərqli harmoniya məni sənətə daha çox bağlayırdı”.

Rəssamın arzularından biri də Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın gözəl təbiətini Cıdır düzündə kətan üzərində təsvir etmək, həmçinin digər azad olunan ərazilərin əsrarəngiz mənzərələrindən ibarət silsilə əsərlər yaratmaqdır.

Daim yeniliklərə can atan Arifə Kərimli hələ Rəssamlıq Akademiyasında təhsil alarkən yaradıcılığına yeni bir rəng qatmaq qərarına gəlib: “Rəsm mənim keçmişimi, bu günümü və gələcəyimi təmsil edir. Rəsm monoloqdur, musiqi və ya yazı kimi xüsusi və universal bir dildir. Bu, ayrı bir dünyada axtarış, hər gün təkrarolunmaz təcrübədir. Düşündüm ki, bu yaradıcılığımı üzə çıxarmaq, inkişaf etdirmək üçün bir məkana ehtiyacım var. Beləliklə, 2022-ci ildə emalatxana açmaq qərarına gəldim. Bu məkanı açmaqda məqsədim incə ruhlu insanları bir araya toplamaq, onların bir-birindən ilham alaraq müasir əsərlər yaratmasına vəsilə olmaqdır. Əminliklə deyə bilərəm ki, istəyimə nail oldum”.

Əsl sənətin yaşı olmadığını qeyd edən həmsöhbətim hazırda yaşı 7-dən 70-ə kimi 50-dən çox tələbəsi olduğunu deyir: “Onlarla rəssamlığın sirlərini bölüşmək, incəsənətin dərinliklərini öyrənmək məni çox xoşbəxt edir. Tələbələrim bu yaradıcılıq məkanında doğmalaşır, bir-birlərinə dəstək olurlar. Onlar rəngarəng dünyamın bir hissəsidir. Bura üz tutanlar qazandıqları təcrübə, yaratdıqları əsərlərlə öz dünyalarını kəşf edirlər.

Gənc rəssam yaşadığı hissləri, həyatındakı enişli-yoxuşlu yolları, əldə etdiyi uğurları kətan üzərinə keçirdəndə bütün bunlar onun üçün fırçanın rəqsinə çevrilir: “Rəsm çəkdiyim an sanki fərqli dünyada oluram, bunu yalnız əsəri bitirəndən sonra anlayıram. Düşünürəm ki, bu hissləri mənə yaşadan incəsənət həyatıma fərqlilik qatır – gerçəkliyi dəyişdirir və ya şiddətləndirir, hərəkətə gətirir, suallar yaradır, öyrədir, izah və təsvir edir. Əsərlərimdə yer alan gözəllik, çirkinlik, sevgi və ya nifrət kimi hisslər yer üzündəki səyahətimizin nişanəsidir. Bu, bir-birimizi daha yaxşı tanımaq, yenidən görüşmək, ünsiyyət qurmaq, anlaşılmaq üçün bir yoldur. Ən azından mənim üçün bunları ifadə edir.”

Azərbaycan Dövlət Rəsm Qalereyasında və Rəssamlar İttifaqında Arifə Kərimlinin bir çox əsəri sərgilənib. Həmçinin o, Bakı Kitab Mərkəzində keçirilən sərgilərdə uğurla iştirak edib. Bir çox müsabiqələrə qatılan gənc rəssam Türkiyə və Azərbaycan qardaşlığına həsr edilmiş rəsm müsabiqəsində də yer tutub. Yaradıcılığını bu formada davam etdirən fırça ustası yaxın müddətdə tələbələri ilə birgə gözəl bir sərgi açmağı planlaşdırır.

Arifə Kərimli dövlətin incəsənətə göstərdiyi diqqət və qayğı barədə də öz fikirlərini bildirib: “Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən mədəniyyət və incəsənət istiqamətində də əsaslı islahatlar aparılır, bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilir. Eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində ölkə mədəniyyətinin geniş təbliği, zənginləşdirilməsi, milli-mənəvi dəyərlərimizin inkişafı üzrə mühüm layihələr reallaşdırılır. Görülən işlər nəticəsində ölkə mədəniyyətinə öz töhfəsini verən gənc sənətkarlara fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılır. Mən çox xoşbəxtəm ki, ölkəmizi təbliğ edən əsərlərimizi sərgiləmək üçün mütəmadi olaraq tədbirlər təşkil olunur. Hazırda incəsənətə maraq getdikcə daha da artır. Bu həqiqətən də çox qürurvericidir”.