“Fərizə xanım Rafiq Babayevin layiqli davamçısıdır”

 Avqustun 9-da Yarat! Müasir İncəsənət Muzeyində musiqişünas, jurnalist, aktrisa Fərizə Babayeva ilə “Cazibə ilə oyun” adlı görüş keçirilib. Fərizə Babayeva XX əsrin əvvəllərində qəzet materiallarında yer alan, Azərbaycanda keçirilən mədəni-kütləvi tədbirlər haqqında çıxış edib. Görüşdə həmçinin, ilk azərbaycan filmləri və bu filmlərdə səsləndirilən musiqilər, rus  opera müğənnisi Fyodor Şalyapinin səsləndirdiyi  “Elegiya” əsəri, eləcə də Fərizə Babayevanın fəaliyyəti gələn qonaqlarla müzakirə olunub.

Oxuduqlarını, araşdırmalarını insanlarla bölüşməyi sevdiyini deyən Fərizə Babayeva tədbirlə bağlı  təəssüratlarını ArtNews.az-la bölüşüb:

“Bugünkü görüşdə tamaşaçılarla bir çox mövzuda müzakirələr apardıq. Onlardan biri də  tanqo ilə bağlı oldu. Tanqonun həyatımda özünəməxsus yeri var, çünki  tanqo mənə yaxın olan sənət sahəsidir. Tanqoda ən vacib məqam odur ki, gərək qarşındakı insanı hiss edə biləsən. Buna görə də, tanqoda təmas çox önəmlidir. Kitab oxuyarkən, insanlarla ünsiyyətdə olarkən, araşdırma apararkən  belə, bu strategiyanı həyata keçirirəm.  Bu gün auditoriya mənim bir hissəm, mən də onların bir hissəsi idim. İnanıram ki, görüş xoş keçdi”.

Raxmaninovun, Şalyapinin daha öncə Bakıda olması haqqında məlumatı məhz bu görüşdən əldə etdiyini deyən Nigar Süleymanova görüşdən məmnun qaldığını bildirib:

“Burada olmağımın  əsas səbəbi Fərizə xanımın Rafiq Babayevin qızı olmasıdır. Musiqişünas olduğunu bilirdim, hətta Rafiq Babayeva ilə bağlı yazdığı kitabı da oxumuşam . Düşünürdüm ki, Fərizə xanım Azərbaycanda yaşamır, lakin onunla  görüş kerçiriləcəyini   eşidəndə çox sevindim.  Diqqətimi daha çox musiqiçilər haqda danışdıqları çəkdi”.

Fərizə Babayevanın Azərbaycan incəsənəti üçün gördüyü işləri təqdirəlayiq hesab edən tamaşaçı Ramin Ağayevin isə  diqqətini ən çox tanqo ilə bağlı məlumatlar cəlb edib:

“XX əsrin əvvəllərində Fərizə xanımın incəsənətlə bağlı  arxiv araşdırmaları çox dəyərlidir. Düzü hələ o vaxt Azərbaycanda tanqo dərslərinin keçirilməsi ilə bağlı məlumatım yox idi. Düşünürəm ki, Fərizə xanım Rafiq Babayevin layiqli davamçısıdır”.

 

 

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin