Əməkdar incəsənət xadimi Akif Quliyevin 70 illik yubileyi qeyd olunub

Əməkdar incəsənət xadimi Akif Quliyevin 70 illik yubileyi qeyd olunub

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Akif Quliyevin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Bəstəkarlar İttifaqının sədri AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə Akif Quliyevin musiqişünas-alim kimi gördüyü işləri yüksək qiymətləndirərək onu yubileyi münasibətilə təbrik edib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının aparıcılığı idi keçirilən tədbirdə Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru Xalq artisti, Siyavuş Kərimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə və başqaları Akif Quliyevin elmi fəaliyyəti haqqında fikirlərini bölüşüblər.

Elmi-praktiki konfransda Xalq artisti Sərdar Fərəcovun “Professor Akif Quliyevin elmi əsərlərində Azərbaycan bəstəkarlarının yaradıcılığına münasibət”, AMK-nın professoru, Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadənin “Professor Akif Quliyevin elmi yaradıcılığında muğam tədqiqatlarına dair”, AMK-nın Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə elmlər namizədi, dosent Firudin Qurbansoyun “Professor Akif Quliyev kamil bir şəxsiyyət kimi”, AMK-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyevanın “Professor Akif Quliyevin elmi – pedaqoji fəaliyyəti” mövzularında məruzələri dinlənilib.

Konfransın bədii hissəsində Q.Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Aldonsa”, “Səyahət”, S.Fərəcovun “Cıdır düzündə bayram” (İfa edir: Mətanət Azmanlı – piano), Xalq artisti Zabit Nəbizadənin ifasında “Mahur – Hindi Dəraməd” təsnifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mübariz Əliyevin ifasında (saz) “Yanıq Kərəmi, “Ovşarı” aşıq havaları, AMK-nın tələbəsi Elcan Hüseynovun (qarmon) ifasında “Şəlalə” (Bayatı–Qacar dəramədi kimi), “Mərcanı” (Şikəsteyi-fars rəngi kimi), “İnnabı” (Mahur “Mən aşiq gözlərinə” təsnifi kimi) rəqsləri səslənib. Əhli-Beyt qrupunun video formatda çıxışı da dinləyicilərə təqdim olunub.

Sonda professor Akif Quliyev bütün iştirakçılara öz təşəkkürünü bildirdi.