Əbədi yanan ocağın şöləsi – “Yanardağ”dan REPORTAJ

Gümanımızda yanılmışdıq…

Yayın qorabişirən vaxtı ziyarətçinin az və ya təkəm-seyrək olacağını düşünürdük. Amma yayın təndir kimi yandırıb-yaxan istisinə baxmayaraq, “Yanardağ”ı ziyarət etməyə gələnlərin əlindən iynə atsan, yerə düşməzdi. Tünlük lap elə giriş qapısından başlanırdı. Buraya üz tutanlar dünyanın ən müxtəlif ölkələrindən gəlmişdi – Hindistan, Səudiyyə Ərəbistanı, Pakistandan tutmuş Avropa ölkələrinədək…

AZƏRTAC-ın əməkdaşlarının “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ilə tanışlığı baş fond mühafizəçisi Səbinə İmanovanın bələdçiliyi və yaxından köməyi ilə baş tutdu.

Onun verdiyi məlumatdan öyrəndik ki, son illər ziyarətçilərin sayının çoxalmasının başlıca səbəblərindən biri qoruğun ərazisinin müasir standartlara uyğun şəkildə yenidən qurulmasıdır.

Qeyd edək ki, ölkəmizdə bu cür obyektlərin təmiri, bərpası, yenidən qurulması sahəsində çox böyük işlər görülüb. “Yanardağ”ın ərazisi Prezident İlham Əliyevin 2 may 2007-ci il tarixli Sərəncamı ilə Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli qərarına əsasən Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir. Prezidentin 17 iyul 2018-ci il tarixli Sərəncamına əsasən, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yenidən qurulub, abidənin ərazisində müasir turizm infrastrukturu yaradılıb. Əsaslı şəkildə təmir və bərpa olunan qoruğun açılışı 2019-cu ilin iyulunda baş tutub. Açılış mərasimində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər.

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu 27,52 hektar ərazini əhatə edir və onun tərkibinə əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, “Qurd yuvası” mağarası, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, kükürdlü su bulağı, hələ də aktiv olan Qırməki palçıq vulkanı, Qırməki vadisi, Osmanlı səngərləri və yerli əhali tərəfindən müqəddəs hesab edilən Əlidaşı piri daxildir.

Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu…

Abşeron rayonunun Məmmədli kəndinin ərazisində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ən qiymətli incisi burada fasiləsiz olaraq şölələnən ocaqdır. Təqribən 14 metr uzunluğunda zolaqda torpağın dərinliklərində gedən tektonik proseslər nəticəsində bərk süxurlarda əmələ gələn çatlardan sızan təbii qazın alışması “Yanardağ”ın yaranmasına səbəb olub. Torpağın sinəsindən baş qaldıraraq gecə-gündüz yanan alov dilimlərinin tarixi isə çox uzaq illərə gedib çıxır. Bu barədə ilk yazılı mənbələrdən biri eramızın V əsrinə təsadüf edən Bizans alimi Paniyli Priskə məxsusdur. O, Qafqaz Albaniyasından bəhs edərkən Xəzər dənizi sahillərində sualtı qayalardan qalxaraq gecə-gündüz yanan alovlardan bəhs edir. Bundan başqa, dənizdən Bakı sahillərinə yaxınlaşan səyyahlar uzaqdan gecə-gündüz alovlanan dağları, qayaları, hətta suları gördüklərini nəql edirlər.

Deyilənə görə, “Yanardağ”ın əks istiqamətində yanan üç təpə olub, zaman keçdikcə yerin altından sızan qaz kütlələri getdikcə azaldığından digər iki təpədəki alov öləziyib. İndi yanmaqda olan sonuncu təpədə də alov əvvəlki vaxtlarda olduğundan bir qədər azalıb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da öz mənbəyini həmin vaxtlardan götürüb.

… İndi uzaq illərin arxasında qalan həmin tarix, dağın köksündən baş qaldıraraq səyahətçilərin diqqətini özünə cəlb edən alov mənbəyi barədə həqiqətlər ehtimallara, gümanlar fərziyyələrə qarışıb. Dağ zəngin neft və qaz yataqları olan ərazidə yerləşdiyindən alov yaranmasının səbəbi metan qazı ilə kükürdün qarışığıdır. Həmin maddə istifadə üçün yararsız olduğundan onu yandırmaq qeyri-mümkündür və kükürd-qaz qarışığı yalnız açıq hava şəraitində yanır. Qapalı məkanda isə onun yanması partlayışa səbəb olur. Başqa bir versiyaya görə, eramızın əvvəllərində ildırım düşməsi nəticəsində yanmağa başlayan dağı nə qar, nə yağış, nə də çovğun söndürə bilməyib. Hətta buna inanmayanlar qarlı-yağışlı havada onun ziyarətinə gələrək yenə də şölələnən ocağı görüblər.

“Yanardağ” atəşpərəstlik və zərdüştlük dininin davamçıları tərəfindən müqəddəs məkan kimi qəbul olunur.

Üç hissədən ibarət “Yanardağ” muzeyi

Qoruğun ərazisində fəaliyyət göstərən muzeydə tarixin lal sükutunu pozan bir sıra məqamlara işıq tutulur. Burada müxtəlif bölgələrdən götürülmüş eksponatlar, ekran nümayişi, məşhur rəssam Hüseyn Haqverdiyevin “Unudulmuş əcdadların kölgəsi” instalyasiyası və zərdüştlüyü tərənnüm edən məlumat lövhəsi əks olunub.

“Yanardağ” müasir qapalı muzeyində ənənəvi eksponatlarla yanaşı, bəzi təbiət abidələrinin 3D maketləri, videoinstalyasiyalar və videoçarxlar nümayiş edilir. Muzey “Yanardağ”ın yeni turizm inkişaf konsepsiyasına uyğun olaraq hazırlanıb və onun ziyarətçiləri Azərbaycanda odun, atəşin tarixinə dair maraqlı məlumatlarla tanış olmaq imkanı qazanırlar.

Muzeydəki “İşıq və kölgə” oyunu da çox maraqlıdır. Həmin oyunu zamanı divarın önündən keçən hər kəs öz əksini alov dilləri şəklində müşahidə edə bilər.

2007-ci ildən qoruq statusuna malik olan “Yanardağ”da, həmçinin ərazidə tapılan, yerli əhali tərəfindən istifadə edilmiş qədim daşlar və sənətkarlıq nümunələrinin, qaval daşının nümayiş etdirildiyi açıq hava muzeyi də yaradılıb.

Açıq səma altındakı muzeydə təsərrüfatda istifadə edilən müxtəlif formalı daşlar nümayiş olunur. Burada müxtəlif əsrlərə aid həvəng daşı, üzərində günəş təsviri olan yonulmuş daş, daşdan hazırlanan su qabı, dəyirman daşları, daş kitabə, üzümün sıxılması üçün tiyan və daşdan hazırlanmış digər məişət nümunələri var.

Valideynləri ilə gələn uşaqların vaxtlarını maraqlı keçirməsi üçün qoruqda Uşaq əyləncə mərkəzi və oyun meydançası da fəaliyyət göstərir. Mərkəzdə uşaqlar üçün maraqlı stendlər, nağıl qəhrəmanlarını əks etdirən pazllar və “Yanardağ”ı əks etdirən ayrıca stend var. Bundan başqa, ölkəmizin gənc rəssamların əsərlərinin nümayiş olunduğu məkan və əyləncə zonası da maraqla baxılır.

Fiziki məhdudiyyətli şəxslərin “Yanardağ”da alovun ətrafına enməsi üçün xüsusi yol da var.

“Yanardağ”ın ziyarətçiləri

“Yanardağ” yerli turistlərlə yanaşı əcnəbilərin də maraqla ziyarət etdiyi tarixi məkanlar sırasındadır. Buraya üz tutanlar 1-2 saat ərzində həm ziyarət edir, həm də ailə üzvləri ilə birlikdə səmərəli vaxt keçirirlər.

Baş fond mühafizəçisi qeyd edir ki, əvvəllər turistlər yalnız “Yanardağ” abidəsini ziyarət etməklə kifayətlənirdilərsə, aparılan əsaslı təmirdən sonra turizm marşrutu genişləndirilib. Ərazidə qədim dövrə aid insan düşərgəsi, qədim mağaralar, palçıq vulkanı, kükürdlü su bulağı kimi turistlərin maraqla üz tutduqları məkanlar var. Osmanlı əsgərlərinin qazıb istifadə etdikləri səngərlər, həmçinin kurqanlar əcnəbi və yerli ziyarətçilərin həvəslə üz tutduğu ünvanlardandır.

Bu ilin birinci yarısında qoruğu 140 mindən çox turist ziyarət edib. Ziyarət edənlərin içərisində ən çox Hindistan, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Rusiyadan gələnlər üstünlük təşkil edir. Gün ərzində qoruğa təxminən 2 minə yaxın turist gəlir.

Onlardan bir neçəsi ilə həmsöhbət olduq.

Pakistanlı Mumtaz Xan “Yanardağ” haqqında çoxdan eşitsə də, onu ilk dəfə gördüyünü bildirir: “Boz təpələrin, çılpaq yamacların qoynunda yerdən qaynayan alov məni heyrətləndirdi. Açığı, bir anlığa da olsa özümü nağıllar aləmində hiss etdim. Həqiqətən illər, əsrlər boyu yerdən təbii ocaq yanması möcüzəli təsir bağışlayır”.

Muzeyin ziyarətçilərindən Pooja Svami deyir: “Hindistanın Surat şəhərindən gəlmişəm. Bu, mənim Bakıya birinci səfərimdir. Paytaxtınız çox gözəldir, insanlar mehriban və qonaqpərvərdir. “Yanardağ” həyatım boyu gördüyün ən unikal yerlərdən biridir. Burada keçirdiyim hər saat, hər an mənə xoş gəlir və gördüyüm mənzərədən həzz alıram”.

Pakistanlı Luqman Raşer də gördüklərindən məmnun olduğunu ifadə edir: “Azərbaycana ilk gəlişim olsa da, çox razı qaldım. Məndən olsa hər kəsin bura gəlib baş çəkməyini məsləhət görərdim. Yerdən çıxan təbii alovu görmək?! Bu, çox unudulmazdır! Hər kəs onun necə təbii olduğunu öz gözləri ilə görsə yaxşıdır”.

Yanardağda daha iki ziyarət ünvanı: Qırməki vadisi və palçıq vulkanı

Qırməki vadisi Məmmədli-Digah şose yolunun sol tərəfində, “Yanardağ”ın cənub-şərq hissəsində, dağın arxasında yerləşir. Vadinin uzunluğu 5 kilometrə qədər, eni 400-500 metrə çatır. Vadi neftli-qazlı yataqların Yer səthinə həddən artıq yaxın olması və bəzi yataqlardakı neft və qaz tərkibli mayenin təbii yollarla yer səthinə çıxaraq kütləvi axın əmələ gətirməsi nəticədə yumşaq süxurlu ərazilərin minilliklər ərzində yuyulması sayəsində əmələ gəlib. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, ərazidə zəngin bitum yataqlarının mövcudluğu məhz bilavasitə axınlarla bağlı olub. Ərazidən keçən axın zaman keçdikcə özünə dərin və enli bir dərə yaratmaqla yanaşı, sonralar çöküntü halında həmin dərə boyu yığılıb qalıb. Bu da yerli əhali tərəfindən dərənin “qır məkanı”, “kir məkanı” – Qırməki dərəsi adlandırılmasına səbəb olub.

Turistlərin daha çox üz tutduqları yerlərdən biri də qoruğun ərazisindəki Qırməki vadisində yerləşən Qurd yuvası adlanan mağaradır. Mağara giriş və çıxışlardan ibarətdir. Abşeronun qədim yaşayış məskəni olduğunu nəzərə alsaq, həmin mağarada ibtidai insanların yaşadığı təxmin edilir.

Palçıq vulkanı kəndin qərb hissəsində olan vadinin qərb yamacında yerləşir. Nadir təbiət abidəsidir. Əsasən gilli-qumlu, neftli-qazlı çöküntü laylarında meydana gələn təzyiqlə əlaqədar yumşaq süxurlarda özünə yol tapan yüksəktəzyiqli qaz kütləsi Yer səthinə çıxaraq qarşısında olan bütün növ süxur tiplərini palçıq kütləsi şəklində üzə çıxarır və ərazidə vulkanik proseslərin getməsi nəticəsində palçıq vulkanının meydana gəlməsinə səbəb olur. Palçıq vulkanının ərazidə baş vermiş və verməkdə davam edən seysmik hadisələrlə – zəlzələlərlə də genetik şəkildə əlaqəsi vardır. Vulkanın “Qırməki vulkanı” kimi adlandırılması onun yaxınlığında yerləşdiyi Qırməki vadisi ilə bilavasitə bağlıdır. Ətrafında aparılmış tədqiqatlar nəticəsində kvarsit, kobalt və s. kimi bir çox minerallara rast gəlinib. Həmin mineralların əraziyə yayılması isə bilavasitə vulkan püskürmələri ilə əlaqədardir.

Hər ağızda bir dua, hər ürəkdə bir niyyət…

Qoruğun ərazisində 3 tematik zonadan ibarət muzey, açıq hava konsertləri üçün nəzərdə tutulan 500 nəfərlik amfiteatr, sənətkar emalatxanaları və mağazalar, yerli sənətkarlar tərəfindən keramika, şüşə, taxta və parça kimi təbii materiallardan hazırlanan suvenirlərin satışı məntəqəsi və parkinq də var.

İlin bütün fəsillərində qoruqda qaynar həyat hökm sürür. Burada rəngarəng tədbirlər, sərgilər bir-birini əvəz edir. “Yanardağ” qoruğunda yerli və xarici ziyarətçilər rəngarəng sənət nümunələrindən ibarət “Vətən bağı” adlı dekorativ tətbiqi sənət sərgisini izləyiblər. Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan 8-ci Beynəlxalq Yoqa Günü (IDY 2022) də maraqla qarşılanıb, yoqa həvəskarları üçün açıq havada xüsusi sessiya təşkil edilib.

“Sariban” Peşə İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qurama” əl işlərinin sərgisində 20-yə yaxın sənətkarın əl işləri təqdim edilib. Müxtəlif materiallardan – dəmir, taxta, şüşə və digər əşyalardan hazırlanan qurama sənət nümunələrini sərgisi və satışı təşkil olunub.

Eyni zamanda, qoruq rəhbərliyi Vətən müharibəsi şəhidlərinin uşaqlarını da unutmur, tez-tez onların bura gəlişi təmin edilir və əyləncəli tədbirlər təşkil olunur.

…”Yanardağ”a gələnlərin ardı-arası kəsilmir. Turistlər xalqımızın keçmişindən soraq verən hər daş, hər eksponatla maraqlanır, şəkillər, videolar çəkdirir, tarix və təbiətimizə maraq göstərirdilər. Əlbəttə ki, onların hamısı qoruğun alov olan hissəsinə enərək şəkil çəkdirir, əl açıb dua edib, niyyət tuturlar. Təki bütün niyyət və dualar qəbul olunsun! Xoş arzulu duaların hasil olmasını kim istəməz ki?