Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn AZƏRTAC-ın stendini ziyarət edib

Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn X Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) stendini ziyarət edib.

AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan Con Boyn ilk dəfədir Azərbaycana səfər etdiyini və bu kitab sərgisinin onda böyük maraq doğurduğunu deyib.

Bir çox əsərlərin müəllifi olan irlandiyalı yazıçı əsasən “Zolaqlı pijamalı oğlan” kitabı ilə tanınır. O, kitablarının çoxunu müharibə ilə bağlı mövzulara həsr edib. Deyir ki, bu kitabları yazarkən xüsusən gənc oxucuları nəzərə alıb. “Onu da bildirim ki, kitablarım yalnız müharibəyə aid deyil. Mən bir neçə şəkilli kitab, qısa hekayələr və tarixi mövzularda da yazmışam. Odur ki, çalışıram daha geniş mövzuları əhatə edim”, – deyə Con Boyn vurğulayıb.

O, kitab sərgisində çox sayda insanların, gənc oxucuların olmasını, xüsusilə müəllimlərin şagirdlərini sərgiyə gətirməsini və onların mütaliəyə maraq göstərməsini xüsusi qeyd edib.

Sonda qonağa AZƏRTAC-ın xatirə hədiyyələri təqdim olunub.