Artıq 68 ildir ki, bu evdə onun nəfəsi duyulmur, həniri gəlmir. Nə yazı masasında yazı yazan var, nə sazını kökləyən, nə ov tüfəngini təmizləyən, nə də buxara papağı başına qoyan. Elə evindəki saat da onunla eyni vaxtda dayanıb. Özü olmasa da, çox şey qoyub getdiyi kimidir. Onsuz onu yaşatmaq, onun xatirəsini bu evdə əbədi anmaq üçün hər şey o illərdəki kimi öz yerindədir. Elə ailə üzvləri də o vaxtlardakı kimi “birlikdədir”. Demək olar, hərə öz otağına çəkilərək əbədi sükuta dalıb. Bu evdə iki Xalq şairi, bir Xalq yazıçısı “yaşayır”. Ata Səməd Vurğun və övladları Yusif Səmədoğlu və Vaqif Səmədoğlu. Biz də onları ziyarətə gəldik…
AZƏRTAC Səməd Vurğunun ev-muzeyindən hazırladığı reportajı təqdim edir.
Səməd Vurğunun ev-muzeyi Azərbaycanda yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. Muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının üçüncü mərtəbəsində yerləşir. Səməd Vurğun ömrünün son iki ilini bu mənzildə yaşayıb, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olub.
Respublika hökumətinin qərarı ilə 1974-cü ildə təşkil edilən ev-muzeyinin 1975-ci il oktyabrın 6-da təntənəli açılışı olub.
Muzey altı otaqdan ibarətdir. Şairin iş otağı, qonaq otağı və yataq otağı onun sağlığında olduğu kimi saxlanılıb. Digər üç otaqda isə Səməd Vurğunun həyat və yaradıcılığının, ictimai fəaliyyətinin, xatirəsinin əbədiləşdirilməsini əks etdirən ekspozisiya yaradılıb. Muzeyin ekspozisiya otaqlarından biri şairin övladları Yusif Səmədoğlu və Vaqif Səmədoğluya həsr olunub.
Qürbət eldə can vermərəm ölümə!…
Muzeyin bələdçisi Könül Cəbiyeva deyir ki, ötən müddətdə muzeyin fondu xeyli zənginləşib, yeni ekspozisiya bölmələri yaradılıb, şairin həyat və yaradıcılığı ilə bağlı gərgin araşdırmalar aparılıb. Onun sözlərinə görə, hazırda muzeydəki eksponatların ümumi sayı 17 mindən artıqdır.
Qazax rayonunun Yuxarı Salahlı kəndində dünyaya göz açan Səməd Vurğun böyük və tanınmış bir nəslin nümayəndəsidir. Muzeyin girişində Vəkilovların nəsil şəcərəsi diqqət çəkir. Bu nəslin azı 400 illik tarixi məlumdur. Burada, eyni zamanda, şairin paltosu, papağı, əsası və son səfəri zamanı çəkilmiş şəkli yer alıb.
Bu şəklin özünəməxsus tarixi var. Belə ki, 1955-ci ilin oktyabrında Vyetnam Demokratik Respublikasına gedən Səməd Vurğun yolüstü Pekində olur və orada möhkəm xəstələnir. Pekindəki “Qırmızı xaç” xəstəxanasında üç həftə müalicə olunduqdan sonra geri qayıdır. Oktyabrın 31-də Səməd Vurğun Pekin şəhərindən ailəsinə göndərdiyi məktubda yazırdı: “… mən noyabrın 10-na kimi Çində qalıb, sonra qatarla (8 günlük yol) Moskvaya qayıdacağam”.
Moskvadan qayıdarkən onu bir mühəndis tanıyır və şəklini çəkir. Bir müddət sonra həmin mühəndis şəkli göndərəndə artıq şair həyatda yox idi. Yəni özü bu şəkli görməyib.
O, bu misraları da Pekin xəstəxanasında yazıb:
Vaxtsız əcəl, məndən uzaq dayan, dur,
Qürbət eldə can vermərəm ölümə!…
Biz gəldi-gedərik, sən yaşa, dünya!
Gəlimli-gedimli, son ucu ölümlü dünyada sözün diri qalacağını hamıdan yaxşı dərk edən şair ona görə də yaşadığı yarım əsrlik zaman içərisində sözə tapındı, özünü onda tapdı. Biz bunu onun iş otağında olarkən bir daha anladıq. Burda hər şey sadə, hər şey adidir. Yazı stolu, stullar, kitablarla dolu şkaflar… Yazı stolunun üstündə şairin son əlyazmaları, ömür vəfa etmədiyi üçün çəkə bilmədiyi papirosları, avtoqələmi, həyat yoldaşı ilə övladlarının birgə çəkdirdikləri foto və şairin ən çox sevdiyi bənövşə gülünün rəmzi kimi kiçik səbətdə süni bənövşə…
Könül xanım bənövşələrin xüsusi mənası olduğunu deyir: “Demək olar ki, evin hər bir otağında xüsusi qablarda bənövşələr qoyulub. Səməd Vurğun bu gülləri xüsusi olaraq sevirmiş”.
Bu otaqda olarkən xəyalən insan o illərə ekskursiya etmək istəyir. Bu yazı stolunun arxasında yazılan “Vaqif”, “Fərhad və Şirin”, “İnsan”, “Aygün” və bir çox başqa sənət incilərini xatırlayır. Düşünürsən görəsən, şair bu əsərləri yazmaq üçün neçə gecəsini gündüzə qatıb, nə qədər yuxusuz gecələr keçirib. Onun ömür-gün yoldaşı Xavər xanım xatirələrində yazır ki, Səməd Vurğun heç vaxt masa arxasına ev paltarında əyləşməzdi, onu burda ancaq rəsmi geyimdə görmək olardı.
Stolun üstündə Ukrayna şairi Maksim Rılskinin hədiyyəsi olan bəzək qutusu, işıq lampası, telefon aparatı da var. Divardan Səməd Vurğun və Xavər xanımın fotoşəkilləri və şairin naturadan çəkilmiş portreti asılıb. Kitab şkaflarında onun şəxsi kitablarından nümunələr var.
Şairin iş otağında onun ovçuluğa olan həvəsi bir guşədə öz əksini tapıb. Guşəyə şairin Bolqarıstandan aldığı kürk, qaragül papağı, dostu Konstantin Simonovun hədiyyəsi olan gödəkcə, ov tüfəngi və saz qoyulub.
Buradakı radioqəbuledici isə Səməd Vurğunun həyatında mühüm yer tutur. 1956-cı ildə şairin 50 illik yubileyi qeyd olunur. Xəstə olduğundan şair tədbirə qatıla bilmir. Şair tədbiri bu radioqəbuledici vasitəsilə dinləyir. Bu gün o radio da şairin iş otağında saxlanılır.
Buradakı kitab şkafının üstündə Səməd Quluzadənin hazırladığı Neft buruğu maketi də var. Bu maket Azərbaycan neftçiləri tərəfindən şairə 50 illik yubileyi münasibətilə hədiyyə edilib.
El bilir ki, sən mənimsən…
Bələdçi bizi digər otaqla tanış edir. Bu otaqda məşhur “Azərbaycan” şeirinin əlyazması var. 1933-cü ildə yazılmış “Azərbaycan” şeiri ədəbiyyatımızın incilərindəndir. Bu şeirdə şair Azərbaycanın qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm edib. Bu şeir Vurğunun ideyasına görə “Azərbaycan” epopeyasının proloqudur. Bəstəkar Ələkbər Tağıyev şeirin sözlərinə eyniadlı mahnı bəstələdi. Şeirin sətirləri şairin 1961-ci ildə Bakıda ucaldılmış postamentində həkk olunub.
Bu otaqda, həmçinin şairin həyat və yaradıcılığını, ictimai fəaliyyətini əks etdirən şəkillərdən ibarət stendlər, kitablar, müxtəlif sənədlər, mükafatlar, xarici səfərlərindən gətirdiyi materiallar və şairin şəxsi əşyalarından ibarət vitrinlər nümayiş olunur. Burada divara vurulmuş rəsm əsərində şairin anadan olduğu Yuxarı Salahlı kəndi təsvir olunub (rəssam: Səməd Haqverdiyev, 1975).
Ekspozisiyada Səməd Vurğunun maddi yardımı ilə 1950-ci illərin əvvəlində qohumu olan iki yetim qardaş üçün tikdirdiyi evin maketi sərgilənir. Maketin yuxarısındakı divardan Xalq rəssamı Mikayıl Abdullayevin çəkdiyi “Gənc şair” (1975) əsəri asılıb. Maketin sağ tərəfindəki stenddə şairin uşaqlıq, gənclik, seminariyada oxuduğu illərdən çəkilmiş şəkilləri, müəllimlərinin və oxuduğu II Moskva Universitetinin binasının fotosu və şəxsi əşyaları yer alıb.
Qori Seminariyasında şairin öz müəllimləri – Əli Hüseynov, Firidun bəy Köçərli, Yusif Qasımov və digərləri ilə çəkilən şəkilləri, 1920-30-cu illərdə çap olunan kitablarının nüsxələri, komsomol və deputat bileti, Puşkin medalları, “Komsomol poeması” üçün təltif edildiyi Ostrovski medalı, “Vaqif” dramının premyerası zamanı çəkilmiş fotoları da burada nümayiş olunur.
Otaqdakı iki stend şairin həyat yoldaşı Xavər xanıma və qızı Aybəniz xanıma həsr olunub. Birinci stenddə Xavər xanımın müxtəlif illərdə çəkdirdiyi şəkillər, müxtəlif sənədlər və şəxsi əşyalar: üzüyü, mirvarisi, iki saatı, iki şərfi, yelpiyi, güzgü ilə daraq dəsti, əl çantası nümayiş olunur.
İkinci stenddə Aybəniz xanımın müxtəlif illərdə çəkdirdiyi fotolar vurulub. Vitrinə Aybəniz xanımın müxtəlif sənədləri və şəxsi əşyaları: qolbağı, əl çantası, yelpiyi, araxçını, örpəyi qoyulub.
Yusifin, Vaqifin görüm var olsun!
Növbəti otaqda şairin Azərbaycan ədəbiyyatına bəxş etdiyi iki böyük simanın – övladları Xalq yazıçısı Yusif Səmədoğlu və Xalq şairi Vaqif Səmədoğlunun həyat və yaradıcılıqlarının bəzi məqamları toplanıb. Otaqda onların hər ikisinin ayrılıqda yazı masası və stulları var. Burada pianino, skripka və digər əşyalar da nümayiş olunur.
Yusif Səmədoğlunun “Qətl günü” romanından Kirlikir obrazının maketi də buradadır. Vaqif Səmədoğlunun şəxsi geyimləri, ordenləri, şeir tacı, özünün çəkdiyi avtoportreti burada nümayiş etdirilir.
Söhbət əsnasında muzeyin bələdçisindən onu da öyrənirik ki, ildən-ilə muzeyə üz tutanların sayı daha da çoxalır. İl ərzində muzeyi azı 5 mindən çox qonaq ziyarət edir. Son illər muzeyə əsasən Hindistan, Çin, Rusiya, Türkiyə, Gürcüstandan çoxlu sayda qonaqlar gəlir. Onlar burada şairin əsərləri, şəkilləri ilə yanaşı, övladlarına məxsus guşə ilə də maraqlanırlar. Çünki bu guşədə də çox nadir fotoşəkillər var.
Söhbət əsnasında muzeyin bələdçisindən onu da öyrənirik ki, ildən-ilə muzeyə üz tutanların sayı daha da çoxalır. İl ərzində muzeyi azı 5 mindən çox qonaq ziyarət edir. Son illər muzeyə əsasən Hindistan. Çin, Rusiya, Türkiyə, Gürcüstandan çoxlu sayda qonaqlar gəlir. Onlar burada şairin əsərləri, şəkilləri ilə yanaşı, övladlarına məxsus guşə ilə də maraqlanırlar. Çünki bu guşədə də çox nadir fotoşəkillər var.
Vurğunu da salar yada…
Qonaq otağında şairin ailəsinə məxsus Almaniya istehsalı olan royal, qoz ağacından hazırlanmış mebel dəsti, çay servisi, fiqur, antik saat, rəsm əsərləri və başqa eksponatlar nümayiş olunur.
Bu royalda vaxtilə Səməd Vurğunun əvvəlki mənzilində tez-tez qonaq olmuş Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyli, eləcə də məşhur bəstəkarlarımızdan Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov öz əsərlərini ifa ediblər.
Bələdçi deyir: “Ümumiyyətlə Vəkilovlar ailəsinin musiqiyə qarşı xüsusi marağı olub. Oğlu Yusif Səmədoğlu skripkada, pianoda çalmağı bacarırdı. Vaqif Səmədoğlu isə hətta Konservatoriyanın fortepiano şöbəsi üzrə təhsil almışdı. Hazırda isə Səməd Vurğunun nəticəsi, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na düşmüş, muzeyin direktoru Vurğun Vəkilov bu royalda çalır”.
Burada, həmçinin 1944-cü ildə Xalq rəssamı Mikayıl Abdullayev tərəfindən şairin ilk naturadan çəkilmiş portreti nümayiş etdirilir. Səməd Vurğun burada öz bağında, dərin düşüncələr aləmində təsvir olunub. Eyni zamanda, otaqda şairə əlli illik yubileyi münasibətilə bağışlanmış hədiyyələrdən bir neçəsi sərgilənir: Azərbaycan Elmlər Akademiyasının təqdim etdiyi şairin portreti işlənmiş xalça (müəllif Lətif Kərimov), Abdulla Şaiqin ailəsindən hədiyyə olunmuş etajerka, servantın üzərində gürcü şairi George Leonidzenin hədiyyəsi olan şərab dəsti…
Otaqdakı saat ev-muzeyi üçün çox dəyərlidir. Çünki 1956-cı il may ayının 27-də axşam saat 19:30-da şair gözlərini əbədi yumduğu anda həyat yoldaşı Xavər xanım otaqdakı saatın əqrəbini saxlamışdı.
Gedirəm, yamandır ayrılıq dərdi…
Memorial otaqlarından sonuncusu şairin yataq otağıdır. Burada o, uzun müddət xəstə yatıb və hər şey şairin sağlığında olduğu kimi qorunub saxlanılır…
Yataq otağında taxt və Xavər xanımın cehizliyi – güzgü və digər əşyalar sərgilənir. Burada Azərbaycan Rəssamlar İttifaqının bağışladığı “Qudyalçay” mənzərəsi (Səttar Bəhlulzadə, 1953) də yer alır.
Muzeydə dəhliz funksiyasını daşıyan bir otaq da var. Burada 2016-cı ildə “Mənin 60-cılar nəslim” adlı ekspozisiya təşkil olunub. Ekspozisiyada keçmiş sovet dövrünün 60-cılar nəslinə aid görkəmli şair və yazıçıların fotoşəkillərini görürük. Burada şairin övladlarının büstləri, Səməd Vurğunun Xalq rəssamı Tokay Məmmədov tərəfindən 1963-cü ildə hazırlanmış heykəli də var. Burada şairin “Pobeda” markalı maşınının maketi, həmçinin muzeyin simvolu olan “Söz və musiqi harmoniyası” adlı eksponat da yer alıb.
Sağollaşıb muzeydən ayrılıram, gördüklərim, eşitdiklərim bir kino lenti kimi keçir gözlərim önündən. Bir anlıq nədənsə şairin bu misralarını təkrarlayıram:
Bəxt məni bu yerə qonaq göndərdi,
Gedirəm, yamandır ayrılıq dərdi.
Demə, Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni…