Coca-Cola Fondu və ASAN Könüllüləri sosial yardım layihəsinə başlayır

Müxtəlif sosial və ekoloji layihələr çərçivəsində əməkdaşlıq edən ASAN Könüllüləri təşkilatı və Coca-Cola şirkəti ölkədə koronavirus (COVİD-19) infeksiyasına qarşı aparılan mübarizəyə dəstəyini davam etdirmək üçün yeni sosial layihəyə başlayır. Coca-Cola Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində ASAN Könüllüləri karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatlar təqdim edəcək və 3500 aztəminatlı ailəni ərzaq və şəxsi gigiyena  ləvazimatları ilə təmin edəcək.  Bundan başqa layihədə COVİD-19 infeksiyasının yayılmasının qarşısını almağa kömək məqsədilə əhali arasında müxtəlif sosial şəbəkələr vasitəsilə maarifləndirmə işi aparılacaq.

Coca-Cola şirkətinin Qafqaz Regionu Direktoru Adrian Çernautan ASAN Könüllüləri ilə əməkdaşlığın ölkədə pandemiya ilə mübarizəyə töfhə verəcəyinə inandığını bildirmişdir: “Dünyada yayılmış məlum pandemiya ilə mübarizədə Azərbaycan cəmiyyəti ilə həmrəy olduğumuzu bildiririk. Ölkədə COVİD-19 virusunun qarşısının alınması istiqamətində görülən vacib işləri alqışlayır və bunun üçün Coca-Cola olaraq dəstəyimizi davam etdiririk. Coca-Cola Fondu ASAN Könüllülərinin sosial yardım məqsədilə hazırladıqları layihəni bəyənmiş və layihənin icrası üçün vəsait ayırmışdır. Çox şadıq ki, ASAN Könüllüləri ilə birgə bu milli mübarizəyə dəstək oluruq. Dövlətin, cəmiyyətin və özəl sektorun səylərinin birləşdirilməsi nəticəsində bu çətinliyin öhdəsindən birgə gələcəyimizə inanırıq”.
Yeni layihə haqqında məlumat verən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İnsan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev Coca-Cola Fonduna dəstək üçün təşəkkürünü bildirib və könüllülərin epidemiya qarşı mübarizədə fəallığını vurğulayıb: “ASAN Könüllüləri artıq neçə illərdir ki, çoxsaylı layihələr həyata keçirərək cəmiyyət üçün, xalqımız üçün faydalı olmaq naminə səylərini əsirgəmir. Hazırda ölkəmizin üzləşdiyi epidemiya ilə mübarizəyə də könüllülərimiz öz töfhəsini verməkdədir. Təbii ki, belə layihələr və təşəbbüslər tərəfdaşlarsız mümkün olmur. Coca-Cola Fondunun dəstəyi ilə bir neçə layihəyə imza atmışıq. Çox sevindirici haldır ki, bu çətin günlərdə də Coca-Cola Fondu və ASAN Könüllüləri bir araya gələrək həkimlərə və aztəminatlı ailələrə kömək əlini uzatmaq üçün belə bir məkdaşlığa bəşlayırlar”.

ASAN Könülllər təşkilatından verilən məlumatda qeyd olunur ki, bu layihə COVİD-19 virusunun yayılmasının qarşısının alınması üçün Coca-Cola ilə əməkdaşlığın davamıdır. Aprel ayının əvvəlində ASAN Könüllüləri Coca-Cola Azərbaycanın dəstəyi ilə ölkədə karantin rejimində çalışan xəstəxanalar üçün 120,000 su məhsullarının çatdırılmasını təşkil etmişdir.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin