“Cəhənnəm sakinləri” tamaşasının premyerası olub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri”
tamaşasının premyerası olub. Teatrın mətbuat xidmətindən Artnews-a  verilən
məlumata görə, xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesinin
əsasında hazırlanan tamaşanın premyerasında hökumət rəsmiləri,
tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Səhnə
əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər
Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər
İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Premyeradan əvvəl jurnalistlərə müsahibə verən xalq yazıçısı Elçin
bildirib ki, onun müəllifi olduğu pyeslər Azərbaycanda və dünyanın ən
böyük teatrlarında tamaşaya qoyulur: “Bu gün mənim üçün çox xoşdur.
Çünki pyeslərim nəinki Azərbaycanda dünyanın ən böyük teatrlarında
tamaşaya qoyulur. Amma səmimi şəkildə deyim ki, mənim üçün ən böyük
yaradıcılıq hadisəsi – pyeslərin səhnə həyatı ilə əlaqədar deyirəm –
ən böyük hadisə məhz bu teatrda olur. Bura bizim müqəddəs sənət
ocaqlarımızdandır. Bu tamaşa ilk dəfə Bakıda rus dilində göstərilib.
Başqa teatrlarda Azərbaycan dilində təqdim olunub. Amma Akademik Milli
Dram Teatrında ilk dəfədir səhnəyə qoyulur. Bu, mənim Azər Paşa
Nemətovla dördüncü yaradıcılıq işimdir. İlk işlərimiz 90-cı illərə
təsadüf edir. Aradan 20 ilə yaxın zaman keçir. Mənim üçün çox xoşdur
ki, biz yenidən yaradıcılıq işinə başlamışıq. Ümid edirəm ki,
“Cəhənnəm sakinləri” tamaşaçıların xoşuna gələcək”.

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub. Yeni səhnə
əsərində xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, əməkdar
artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev,
Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin
Şıxəliyev və Xədicə Novruzlu iştirak ediblər.

Tamaşa aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca
maraqlı tərzdə çatdırılıb. Tamaşanın maraqlı, zəngin səhnə
dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da
baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Mövsümün ilk premyerası olan tamaşa 1937-ci ildə milli fəlakət və
faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs
edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər
və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına
çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da,
günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada
görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan
həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin