M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində bəstəkar Məmmədağa Umudovun 75 illiyinə həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Jalə Qulamova konsertlə bağlı tamaşaçılara məlumat verib.
Konsertdə baş dirijor Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) müşayiəti ilə solist olaraq Əməkdar artist Sahib Paşazadə (tar) çıxış edib.
Proqramda bəstəkarın tar və simfonik orkestr üçün “Çahargah dəstgahı” və “Cümhuriyyət marşı”, Cövdət Hacıyevin “Sülh uğrunda” simfonik poeması təqdim edilib.