“Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilmiş festival keçirilib

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin 5-ci mövsümündə Bakı şəhərinin 242 saylı orta məktəbində “İdman Festivalı ” keçirilib. Festival “Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilib.
TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.

Ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri müasir təhsil texnologiyaları ilə təmin etmək məqsədilə TOPs proqramı üzrə təlimlər həyata keçirilib. Bu metodologiya şagirdlərin hərəkət bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına imkan yaradır.
İdman Festivalında 120 nəfərə yaxın şagird iştirak etmişdir. “İdman Festivalında” şagirdlər müxtəlif idman fəaliyyətlərindən ibarət olan estafetlərdə öz bacarıqlarını nümayiş etdirmiş və musiqili əyləncəli proqramlarla çıxış etmişlər. Festivalda uşaqların çıxışlarını Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin rəsmiləri, məktəbin müəllim kollektivi və valideynlər izləmişlər.
İdman festivalında dərsdə iştirak edən layihə rəhbəri Vəli Musayev bildirib ki, “Bədən Tərbiyəsi və İdman Günü”ndə məktəblilərin idmana həvəsini görmək onları qürurlandırır:
“Bu gün uşaqların yarışlarda iştirakı, TOPs metodologiyasına əsasən öyrəndiklərini həvəslə tətbiq etməsi bizim təssübkeş, sağlam gələcəyə olan inamımızı daha da artırdı. Biz çox şadıq ki, müəllimlər üçün təşkil etdiyimiz təlimlərdə təklif etdiyimiz metodologiyanı bugün əyani formada şagirdlərin fəaliyyətlərində izləyə bilirik. Bu işdə müəllimlərimizin səyini və istəyini də unutmamalıyıq. Artıq Azərbaycan məktəbləri TOPs- Böyük Britaniya təcrübəsindən faydalanır”.
Festivalda qalib və mükafatçılara Diplom və Kuboklar təqdim edilib.
“Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən start verilib. 2018-2019 tədris ilində TOPs proqramına əlavə olaraq 100 ümumtəhsil məktəbi qoşularaq Bakı, Sumqayıt şəhərləri ilə yanaşı Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə layihəyə cəlb olunan məktəblərin ümumi sayı 250-yə çatdırılmışdır. Cari tədris ilində TOPs layihəsinə yeni cəlb olunan ümumi təhsil müəssisələrindən 600 nəfərə yaxın fiziki tərbiyə və ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulmuşdur. Müasir təhsil texnologiyasının tətbiqi ilə həyata keçirilən fiziki tərbiyə fənlərindən 100,000 nəfərə yaxın şagirdin faydalanması gözlənilir.”

 

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin