Baş infeksionist koronovirusla bağlı son vəziyyəti təhlil edib

Ölkədə COVİD-19 virusuna yoluxan şəxslərin sayında əvvəlki aylarla müqayisədə kəskin artım müşahidə olunduğu dövrdə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov AVTO 107.7 FM-də yayımlanan “Tam Vaxtı” verilişində pandemiyanın hazırki dövrü ilə bağlı sualları cavablandırıb.

O, bildirib ki, hazırki hesablamalarla hər beş adamdan yalnız birində virusun ağır və çox ağır formaları inkişaf edir, qalanları yüngül və orta yüngül olaraq xəstəlik keçirirlər. Lakin bu hal vətəndaşlarda laqeydlik yaratmalı deyil:

“COVİD-19 virusuna görə yüngül xəstələnən şəxslər evdə müalicə oluna bilər. Yüngül xəstələr –  boğazı ağrıyan, qızdırması, öskürəyi, respirator əlamətləri olan şəxslərdir. Lakin onlarda pnevmaniya inkişaf etməyib. Adətən, xəstəliyin birinci həftəsində bu simptomlar müşahidə olunur, şəxs koronovirusa yoluxubsa, artıq ikinci həftədən etibarən virus aşağı tənəffüs yollarına keçir və ağciyəri zədələyir. İlkin simptomlar olan, yaşı 65-dən aşağı, heç bir xroniki xəstəliyi olmayan şəxslər evdə müalicə ala bilərlər. Lakin bunu həkim təyin etməlidir. COVİD – 19 və digər respirator virus infeksiyaları eyni simptomlarla başlayır. Bu xəstəlikləri bir-birindən ayırmaq çox çətindir. Özündə simptomları müşahidə edən şəxs, evdə qalmalı, özünü təcrid etməli və yaşadığı ərazi üzrə həkimlə əlaqə saxlamalı, yalnız həkimin məsləhəti ilə evdə müalicəyə başlamalıdır. Ev şəraitində müalicə yalnız həkim tövsiyəsi ilə aparılmalıdır. Eyni müalicə üsulü hər kəsdə effektiv olmur. Xəstəliyin ağırlıq dərəcəsi, yoluxan şəxsin yan xəstəlikləri, simptomlar nəzərə alınaraq, həkimlər, demək olar, hər kəs üçün individual müalicə yolu seçirlər.  COVİD -19  çoxkomponentli xəstəlik olduğuna görə, yalnız həkim təyinatı ilə müalicə aparmaq lazımdır, əks halda apardığınız müalicə fəsadlara səbəb ola bilər”.

Baş infesksionist onu da bildirib ki, bəzi şəxslər COVİD – 19 virusuna yoluxsa da, onlarda simptomlar müşahidə olunmur və ya az müşahidə olunur, lakin bu şəxslər yenə də virus daşıyıcısıdırlar və başqa insanları yoluxdura bilərlər:

“Elə insanlar var spesifik qan analizlərində görünür ki,  nə vaxtsa virusa yoluxublar, lakin bildirirlər ki,  heç bir əlamət hiss etməyiblər. Nəzərə almaq lazımdır ki, virusun göstəricisi kimi xəstələnmə bir variantdır və aysberqin görünən hissəsidir, adətən, insanlarda az simptomlar və ya simptomsuz hal müşahidə olunur. Buna görə də düzgün gigyenik qaydalara əməl etmək, az simptom hallarında belə özünü təcrid etmək lazımdır”.

Son olaraq Təyyar Eyvazov bir daha COVİD- 19-a qarşı mübarizə tədbirlərinə əməl etməyin vacibliyini vurğulayıb:

“Virusdan qorunmaq üçün olan qaydalara əhalinin əksəriyyəti əməl etsə də, cərimələr göstərir ki, hələ də buna laqeyd yanaşan insanlar var. Lakin, bir şeyi nəzərə almaq lazımdır ki, bir il əvvəl soyuqdəymə deyib, ev şəraitində müalicə olunurduq. Heç kəs soyuqladığına görə həkimə müraciət etmirdi, belə bir tələb də yox idi. Hətta xəstə halda, ictimai yerlərə, dərsə, işə gedirdik. Lakin indi çox diqqətli olmaq lazımdır, əvvəldə də qeyd etdiyim kimi, soyuqdəymə və COVİD-19 simptomları bir-birinə çox bənzədiyinə görə, özündə narahatlıq hiss edən şəxs dərhal tədbirlər görməli, özünü təcrid etməli və həkimlə əlaqə saxlamalıdır. Hər şəxs özünü qorumalıdır. Təəssüf ki, virusdan qorunmaq üçün daha etibarlı, effektiv qaydalar icad olunmayıb, sadə gigiyenik qaydalara əməl etmək laızmdır. Fiziki məsafənin gözlənilməsi, maskadan düzgün istifadə, respirator gigiyena- asqırdıqda, öskürdükdə ağızın dəsmal və ya dirsək bükümü ilə örtülməsinə riayət etmək lazımdır”.

Cavab yazın

Şərh əlavə edin
Adınızı daxil edin