Xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə “Azərxalça” ASC Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən məşhur “Hopneri Maya” muzeyində sərgi təşkil edib.
“Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov çıxış edərək sərginin iki ölkə arasında mədəni əlaqələrin inkişafına xidmət edəcəyini bildirib. Diqqətə çatdırıb ki, eston ziyarətçiləri bu sərgi vasitəsilə ölkəmizin mədəni irsindən biri hesab olunan xalçaçılıq sənəti ilə yaxından tanış olacaqlar.
“Azərbaycan suverenliyini tam bərpa etdikdən sonra Qarabağ məktəbinə aid xalçalar bu gün hər yerdə daha qürurla nümayiş olunur”, – deyə səfir vurğulayıb.
“Azərxalça” ASC İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov qeyd edib ki, XX əsrin 60-cı illərindən fəaliyyət göstərən “Azərxalça” 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yenidən strukturlaşdırılıb.
“Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Bizim əsas məqsədimiz xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsidir. ASC-nin yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlığı çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradılır və beləliklə, xalça sənəti daim inkişaf edir. “Azərxalça” ASC xalçaların istehsalı ilə yanaşı, xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələlərində önəmli addımlar atıb”, – deyə Emin Məmmədov diqqətə çatdırıb.
“Hopneri Maya” muzeyinin rəhbəri xanım Katrin Tuuksam Azərbaycan xalçalarının bu muzeydə ilk dəfə sərgilənməsini Estoniyanın mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirərək, Azərbaycan mədəniyyətini daha yaxından tanımağa şərait yaratdığını deyib. K.Tuuksam, sərginin iki ölkənin xalqları arasında münasibətlərin yaxınlaşmasına xidmət edəcəyini vurğulayıb.
Daha sonra qonaqlara iki xalça kolleksiyasından nümunələr təqdim olunub. Onlar klassik Qarabağ xalçasının toxunmasında da iştirak ediblər.
Qeyd olunub ki, “Uçan xalçalar” kolleksiyasına müxtəlif ölçülü, fərqli xalçaçılıq məktəblərinə aid həm müasir, həm də klassik üslubda toxunmuş on bir yun xalça daxildir. Kolleksiya daha əvvəl Strasburq, Brüssel, Berlin, Madrid, Vyana, Riqa və 2024-cü il Avropanın mədəniyyət paytaxtı Liepaya şəhərlərində muzeylərdə sərgilənib.
Vətən müharibəsinin ildönümü və Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 11-ci ildönümü münasibətilə hazırlanmış “Qarabağ xalçalarına yeni baxış” və ya “44” xalça kolleksiyasından isə iki xalça nümayiş olunub.
Bir ay davam edəcək sərginin əsas hədəfi xalçaların bənzərsiz xüsusiyyətlərə malik olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və Azərbaycan xalqının öz milli dəyərlərinə necə qiymət verdiyini bildirməkdən ibarətdir.