AZƏRTAC beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.
Növbəti həmsöhbətimiz Tofiq Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbinin 10-cu sinif şagirdi, qanun aləti ifaçısı, beynəlxalq və respublika müsabiqələrinin iştirakçısı və laureatı Fidan Nemətlidir.
Orta məktəbin 11-ci sinfində oxuyan Fidan rəsm çəkməyi çox sevir. İstedadlı qızın sözlərinə görə, qanun alətini 12 nömrəli musiqi məktəbinin direktoru Gülnarə Səfərovanın məsləhəti ilə seçib.
Fidan deyir: “Mənim üçün bu aləti seçdiyinə görə Gülnarə xanıma çox minnətdaram. Mən bu alətdə dünyamı, özümü tapdım. Bəzən qanunda ifa edəndə, sanki başqa bir aləmə səyahət edirəm”.
Fidan 11 yaşında olarkən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər Birliyinin birgə Bakıda keçirdiyi ilk müsabiqə – “Ümid” 2020-də iştirak edib. Həmsöhbətimizin sözlərinə görə, bu müsabiqə onun üçün ən yaddaqalan olub.
“Mən böyük həvəslə hazırlaşır, hər gün 5-6 saat məşq edirdim. Bu, böyük səhnədə ilk çıxışım idi. Dadaş Dadaşovun “Çinarənin sevinci” əsərini ifa etdim. Çıxışım uğurlu oldu. Orada ikinci yeri tutdum”, – deyə Fidan qeyd edir.
Çıxışları zaman həyəcan yaşamasından danışan Fidan deyir ki, bu hissin öhdəsindən uğurla gəlir: “İlk dəfə səhnəyə çıxanda həyəcan var idi. Sonra öyrəşdim. Son vaxtlar daha elə bir həyəcan hiss etmirəm. Səhnəyə böyük həvəslə çıxıram, çıxış edəndə özümü xoşbəxt hiss edirəm. Sanki evdə oturub özüm üçün ifa edirəm”.
Fidan bu yaxınlarda dirijor Mustafa Mehmandarovun rəhbərlik etdiyi simfonik orkestrlə çıxış edib. O əlavə edir: “Bu çıxışa çox hazırlaşırdım, simfonik orkestrlə ifa etməyin necə olduğunu bilmək mənə maraqlı idi. Çox xoşuma gəldi! Məmnuniyyətlə yenə də çıxış etmək istərdim”.
Müsabiqələrdə hökm sürən ab-havadan danışan Fidan qeyd edir ki, iştirakçıların arasında çox mehriban münasibətlər var və onlar bir-birlərinə dəstək olurlar.
Gənc ifaçı deyir: “İlk müsabiqələrdən tanıdığım uşaqlarla hələ də ünsiyyətdə oluram. Yəni çıxışlar sayəsində insanın çevrəsi həqiqətən də genişlənir. Bu, çox gözəldir. Məsələn, iştirakçılar arasında mənim tanışlarım olur, çıxışdan əvvəl onlarla danışıb bir-birimizə uğurlar arzulayır, dəstək veririk”.
Fidan İtaliya və ABŞ-a getməyi xəyal edir və musiqi təhsilini xaricdə davam etdirməyi planlaşdırır: “Ən böyük arzum İtaliyada çıxış etməkdir. ABŞ-da keçirilən müsabiqələrdə iştirak etmək istərdim. Gələcəkdə Milli Konservatoriyaya daxil olmağı, magistr dərəcəsini isə İtaliyada almağı arzulayıram”.
Söhbətdə Fidanın müəllimi Nigar Məmmədova da iştirak edir. O deyir: “Fidan bu məktəbdə birinci sinifdən oxuyur. Uşaq məktəbə gələndə, alətinin başına keçəndə və simlərə toxunanda, artıq bir müəllim kimi sizdə onun gələcəyi ilə bağlı fikir yaranır. Fidanda bu, elə ilk gündən bəlli idi. Çünki o, həqiqətən də çalışqan tələbədir və çox məsuliyyətlidir. Əsas şərt uşağın məsuliyyətli və musiqiyə böyük həvəsinin olmasıdır. Fidanın ifası onun evdə çox çalışdığını açıq şəkildə göstərir”.
Müəllim musiqi məktəbi şagirdlərinin həyatında konsertlərin əhəmiyyətini vurğulayır: “Direktorumuz Gülnarə Səfərova uşaqlara həmişə deyir ki, onlar səhnəyə çıxmalıdırlar. Artıq birinci sinifdən Fidan məktəb konsertlərinin hamısında çıxış edirdi. Həmçinin böyük, o cümlədən Filarmoniyada keçirilən konsertlərdə səhnəyə çıxmışıq. Gülnarə xanım hər zaman bunu dəstəkləyir”, -deyə həmsöhbətimiz vurğulayır.
Nigar Məmmədova müsabiqələrin gənc musiqiçilərin həyatında oynadığı rolu da qeyd edir: ” “Müsabiqələr mütləq lazımdır, çünki orada rəqabət çox faydalıdır. Onların sayəsində uşaq daha təcrübəli olur, bilik toplayır, hərtərəfli inkişaf edir”.
Tələbəsinin gələcəyi haqqında söz açan həmsöhbətimiz onun gələcəyini musiqidə gördüyünü deyir: “Çox istərdim ki, Fidanın səsi başqa ölkələrdən gəlsin, qanun aləti üzrə tanınmış və seçilən ifaçılardan biri olsun. O, həqiqətən də bunu bacarar, çünki çox məsuliyyətli tələbədir. Tapşırdığım hər işin öhdəsindən gəlir. Arzu edirəm ki, həmişə uğurları bol olsun və ən yüksək zirvələrə çatsın. Biz də ona baxaq və sevinək. Həmişə fəxr edəcəyəm ki, mənim belə bir tələbəm var”.