AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ Ərtoğrul Balayev

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ  Ərtoğrul Balayev

AZƏRTAC beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

Növbəti həmsöhbətimiz Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin şagirdi, pianoçu, beynəlxalq və respublika müsabiqələrinin iştirakçısı, laureatı Ərtoğrul Balayevdir.

Ərtoğrul 11-ci sinfə keçib. Pianoçunun sözlərinə görə, musiqi ilə məşğul olmağa ailəsinin məsləhətindən sonra başlayıb.

“Düzünü desəm, musiqi ilə ciddi məşğul olmaq istəmirdim. Yalnız 5-ci sinifdən sonra bu mənim xəyalıma çevrildi”, – deyə Ərtoğrul bildirir. – Evdə ailə üzvlərim, qonaqlar üçün notu bilmədən ifa edirdim. Bu, onların xoşuna gəlirdi, mən də həzz alırdım. Amma ailədə musiqiçi olmadığı üçün bunun qeyri-peşəkar olduğunu, əllərimin qoyuluşunun düzgün olmadığını hiss etmirdim. Bu, babamın qərarı idi. O, musiqini çox sevir, klassik bəstəkarları tanıyır, musiqiçilərlə dostluq edirdi. Bir gün anama dedi ki, musiqi ilə ciddi məşğul olmağım üçün məni musiqi məktəbinə vermək lazımdır”.

Gənc oğlan karantin dövründə, onlayn müsabiqələrdə iştirak etməyə başlayıb. Ərtoğrulun müəllimi Yelena Vasilyevna Xəlilulina bu fikri dəstəkləyib. Birinci müsabiqədəki uğurdan sonra Ərtoğrul beynəlxalq festivallarda iştirakını davam etdirərək İspaniyada keçirilən “İspan Günəşinin Rəngləri” beynəlxalq festival-müsabiqəsi (2021), Portuqaliyada “Portugal Art Carnival” (2021) Beynəlxalq festival-müsabiqəsi (2021), Gürcüstanda “İlin ən yaxşı ansamblı” beynəlxalq müsabiqəsi (2022), Azərbaycanda Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Gənc istedadlar” ifaçılıq sənəti müsabiqəsi (2022), Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində təşkil olunan Uşaq İncəsənət Festivalı (2023), “Akademik, xalq və caz musiqisi” II Respublika müsabiqəsi (2023), Türkiyədə XII Beynəlxalq “Harmoniya” müsabiqə-festivalı (2024), Gürcüstanda VI Beynəlxalq “Sülh Harmoniyası” festivalının (2024) laureatı olub.

Həmsöhbətimizin sözlərinə görə, çıxışdan əvvəl heç bir həyəcan keçirmir.

Pianoçu deyir: “Bunun sirri ondadır ki, bir əsəri yaxşı öyrənəndən sonra heç bir həyəcan olmur, bilirsən ki, hər şey əla olacaq. Bəzən elə olur ki, zalda əyləşən tamaşaçılar məni tanıyır və alqışlayırlar. Bu, əla stimul olur və sizdə yaxşı ifa etmək üçün əhvali-ruhiyyə yaradır”. Ərtoğrul ciddi musiqi təhsilini, ümumtəhsil məktəbində dərslərini və müsabiqələrə gərgin hazırlığını uğurla birləşdirir. Gənc musiqiçi “yaxşı” və “əla” qiymətlər alır və deyir ki, məktəbdə onu başa düşürlər və dəstəkləyirlər.

“Mən texniki fənləri – riyaziyyatı, fizikanı sevirəm. Musiqidə hər şeyi saymaq lazımdır ki, səs ahəngi üst-üstə düşsün. Ona görə də burada riyaziyyatın rolu çox böyükdür”, – deyə gənc qeyd edir.

Ərtoğrul gözəl musiqiçi, bəstəkar və dirijor olmaq xəyalı ilə yaşayır. O, Vyanada təhsil almaq istəyir.

Gənc musiqiçi deyir: “Orada ali təhsil almaq, sonra Vətənə qayıdıb burada işləmək istəyirəm. Mənə göstərilən etimad və dəstəyə görə direktorumuz Gülnarə xanıma və müəllimlərə çox minnətdaram. Bu cür inamın olması məni məqsədlərimə çatmaq və arzularımı həyata keçirmək üçün daha çox çalışmağa sövq edir”.

Ərtoğrulun müəllimi Yelena Vasilyevna Xəlilulina söhbətə qoşulur: “Ərtoğrul artıq yeni tədris ilində məktəbimizin məzunu olacaq. O, çox istedadlı uşaqdır, təkidlə musiqi təhsili almasını istəyən babasının sayəsində bizə gəlib. Biz onunla məşq etməyə başlayanda müəyyən problemlər oldu, çünki bundan əvvəl evdə tək məşğul olurdu. Amma ən əsası odur ki, onun musiqi öyrənməyə böyük həvəsi var idi. Onu hər şey maraqlandırırdı; Azərbaycan musiqisini, klassik və xalq musiqisini əla bilir, çoxlu mütaliə edir, öz üzərində işləyir, konsertlərə gedir. Məktəbimizdə yaxşı nəzəri şöbə var, ona görə Ərtoğrul nəzəri biliklər də alır”.

Yelena Vasilyevna 12 nömrəli musiqi məktəbinin şagirdlərinin peşəkar səhnələrdə ifa etmək imkanının olmasının vacib amil kimi qeyd edir.

Müəllim əlavə edir: “Direktorumuz Gülnarə Səfərovanın sayəsində bizim illik hesabat konsertlərimiz olur, həmin konsertlərdə Qara Qarayev adına Kamera Orkestri və Dövlət Simfonik Orkestri ilə çıxış edirik. Bütün bunlar Ərtoğrula təkan verirdi. O, ilk dəfə dörd il əvvəl səhnəyə çıxıb. Daha sonra bir çox müsabiqələrdə iştirak etməyə başladı. İndi Ərtoğrul həyatını musiqiyə həsr etmək istəyir. Əlbəttə, bu, bir müəllim kimi məni sevindirir. Onun ən böyük arzusu simfonik orkestrin dirijoru və bəstəkar olmaqdır. Artıq belə cəhdlər olub: onun növbəti konsertimizdə peşəkar vokalçı tərəfindən ifa olunan vokal əsəri var. Bu, vətənpərvərlik romansı idi – “Vətən haqqında ballada”. Düşünürəm ki, bu oğlanın çox parlaq gələcəyi var, biz onun adını şəhərimizin afişalarında mütləq görəcəyik. O, Azərbaycan xalqının fəxr etdiyi böyük musiqiçilər nəslinin layiqli davamçısıdır”, – deyə Yelena Xəlilulina vurğulayır.

Söhbətdə 12 nömrəli musiqi məktəbinin direktor müavini Nərmin Mehdiyeva da iştirak edir. O deyir: “Ərtoğrul qeyri-adi oğlandır, hər şeylə maraqlanır, musiqi ilə alovlanır və yaşayır. O, həm musiqi nəzəriyyəsini bilir, həm də musiqi ədəbiyyatını mütaliə edir, bəstəkarlar haqqında da oxuyur. Xüsusən də Azərbaycan bəstəkarlarını çox ciddi şəkildə öyrənir. O, bəstələməyi xoşlayır, orkestrlə ifa edən uşaqlarımız üçün aranjemanlar edir. Bu il 90 faiz hallarda uşaqlarımız onun orkestrovkalarını ifa ediblər. Mən deyərdim ki, bu, artıq musiqiçi kimi özünü təsdiq etmiş insandır. O, bu gün ulduzdur. Ərtoğrulu bütün simfonik orkestr və Bakı Musiqi Akademiyasının professorları tanıyır. Amma o, ulduz xəstəliyinə tutulmayıb, ağıllı oğlandır, bilir ki, istədiyinə nail olmaq, dahilərimizin ənənələrini davam etdirmək üçün öz üzərində işləməyə davam etməlidir. Əminəm ki, Ərtoğrul işləyəcək və oxuyacaq, onun hər cür imkanı var!”

Nərmin xanım Azərbaycan hökumətinin musiqisinin inkişafına verdiyi böyük töhfəni ayrıca qeyd edir: “Hökumətimiz bu gün Azərbaycan ifaçıları, musiqisi, xalq çalğı alətlərinin təbliği istiqamətində çox işlər görür. İlk növbədə, uşaqlarımıza dəstək lazımdır. Uşaqlarımızın stimullaşdırılması, xaricdə təhsil haqqının və ya müsabiqədə iştirakının maliyyələşdirilməsi çox böyük köməkdir. Hökumət də uşaqlarımız, ölkəmizin musiqisi, incəsənəti üçün hər şeyi edir”, – deyə Nərmin Mehdiyeva vurğulayır.