Bakıdakı Rus evində Azərbaycanda müasir sirk sənətinin inkişafına həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dünyaşöhrətli sirk xadimləri Bakı Sirkinin yenidən qurulması və şəhərə ən yaxşı beynəlxalq şou proqramların cəlb edilməsi ilə bağlı aktual mövzulardan danışıblar.
“Həmkarlarla müzakirə zamanı qərara gəldik ki, Bakı Sirki müasir və regionun ən yaxşısı olmalıdır. Hazırda vəziyyət qiymətləndirilir, hesablamalar aparılır, yeni sirk konsepsiyası müzakirə olunur. Bildiyiniz kimi, bütün bunlar müəyyən vaxt tələb edir. Sözügedən mərhələlər başa çatdıqdan sonra sirkimizin yeni dövrü başlayacaq”, – deyə rəhbərlik etdiyi qurumun tamaşaçıların üzünə açılması məsələsini şərh edən Bakı Dövlət Sirkinin direktoru Nahid Ağayev bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda paytaxtda sirk çadırı açılacaq. “Budapeşt Sirki bu işdə bizə köməklik göstərəcək, lazımi şəraiti təmin edəcək”, – deyə direktor əlavə edib.
Tsvetnoy bulvarında yerləşən Yuri Nikulin adına Moskva Sirkinin baş direktoru və bədii rəhbəri Maksim Nikulin mətbuat konfransında çıxış edərək Azərbaycanda sirk sənətinin inkişafında azərbaycanlı həmkarlarına dəstəyini ifadə edib.
Bakı Dövlət Sirki ilə sıx əməkdaşlığa toxunan Moskva Sirkinin baş direktoru qeyd edib ki, kommersiya, nəqliyyat və yaradıcılıq sahələrində razılığa gəlmək və ortaq məxrəcə gəlmək imkanı var.
Hazırda Bakı Dövlət Sirkində abadlıq işlərinin aparıldığını və ilkin mərhələdə məsləhətləşmələrin başladığını vurğulayan Maksim Nikulin deyib: “Bizim əsas məqsədimiz postsovet məkanında bütün sirklərin fəaliyyət göstərməsidir. Bakı Dövlət Sirki ilə əməkdaşlıq davam edir və biz onun gələcək inkişafına ümid edirik”.
Budapeşt Sirkinin baş direktoru, Mərkəzi Avropa Sirk Sənəti Assosiasiyasının prezidenti Peter Fekete Azərbaycan və Macarıstanın bir çox ortaq cəhətləri olduğunu bildirib. O, əlavə edib ki, iki ölkə müxtəlif sahələrdə, o cümlədən sirk sənətinin inkişafında bir-birini dəstəkləyir və gələcəkdə təmirdən sonra mübadilə proqramı çərçivəsində macar sənətçiləri Bakı tamaşaçıları qarşısında çıxış edə biləcəklər.
Kazan Dövlət Sirkinin baş direktoru Elmira Bulatova diqqətə çatdırıb ki, Bakı Sirki üçün Kazan Sirki nəzdində Sirk Məktəbinin iş prinsiplərinin əsas götürüləcəyi analoji məktəbin yaradılması məsələsi müzakirə olunur.
Mətbuat konfransında sirkin müasir cəmiyyətdə rolu, Azərbaycanda sirk sənətinin inkişaf perspektivləri və digər mövzulara da toxunulub.