“Azərbaycan xalçaçıları” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan xovsuz xalçası” innovativ maarifləndirici veb-tətbiqin yaradılması” layihəsi əsasında hazırladığı “Xovsuzxalca.com” internet səhifəsinin təqdimat mərasimini keçirib.
Oktyabrın 10-da “NUR Art House” qalereyasında baş tutan təqdimat mərasimində “Azərbaqycan Xalçaçıları İB” İdarə heyətinin üzvü Gülşən Hüseynova və katibi Günel Aslanova tərəfindən qonaqlara layihə haqqında ətraflı məlumat verilib və internet səhifəsi nümayiş olunub. “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq eüzrə elmlər doktoru, professor Röya xanım Tağıyevanın rəhbərliyi ilə yaradılmış işçi qrupun qısa müddət ərzində gördüyü iş nəticəsində layihənin əsas məqsədi – Azərbaycan xovsuz xalçaları üzrə innovativ maarifləndirici veb-tətbiq hazırlamaqla, sənətşünaslıq, tarix, xalçaçı-rəssam, muzeyşünaslıq, toxuculuq texnologiyası, boyaqçılıq texnologiyası, kənd təsərrüfatı, biologiya, kimya və digər sahələrdə müxtəlif təhsil pilləsində oxuyan tələbələrin, kolleksiyaçıların, fərdi sahibkarların xovsuz xalçaların adı, tarixi, təsnifatı üzrə məlumatı bir informasiya resursundan əldə etmək imkanı yaradan bir resurs ərsəyə gəlib. Bildirilib ki, saytda Azərbaycan xovsuz xalçaları barədə məlumatların yerləşdirildiyi “Haqqında”, “Məlumat”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Xalçaçılıq məktəbləri” kimi bölmələr mövcuddur. Saytda yer alan “Xovsuz xalçalar” bölməsi isə xüsusilə cəlb edir. Bu hissə 11 yarımbaşlıq olmaqla xovsuz xalça növlərinə ( palaz, cecim, kilim, şəddə, vərni, ladı,zili, sumax) aid nümunələrlə virtual olaraq tanış olmaq və onların özəl xüsusiyyətlərini oxumaq imkanı verir. Təqdimat mərasimində həmçinin layihənin ötən il keçirilmiş “Regionlarda xalçaçılıq sənətinin inkişafına dəstək” layihəsinin davamı olduğu vurğulanıb. Onun bu gün incəsənət sahəsində çalışan müxtəlif peşə sahiblərinin rəyləri əsasında hazırlanmış bu layihə onların incəsənət tariximizin mühüm mərhələsi olan xovsuz xalçalarımıza dair məlumatı bir mənbədən əldə etməsinə, gənclərimizin təhsil zamanı bu mənbədən dərs vəsaiti kimi istifadəsinə şərait yaradacağı qeyd edilib.
Tədbirdə “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvləri – Səma Əmirova, Mehriban Xəlilzadə, Natiq Nəcəfzadə, Rasimə Əhmədova, Fatimə Məmmədli, Anar İbrahimov “Zəfər Yolu” Müharibə İştirakçıları və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin sədri Pərvanə Salmanqızı, Rəsmiyyə Heybətova çıxış edərək sayt haqqında öz fikirlərini bölüşüblər. Qeyd olunub ki, “Xovsuzxalca.com” saytı xalçaşünaslar, xalçaçı-rəssamlar, muzeyşünaslar, dizayn, materialşünaslıq və digər sahələrdə çalışan mütəxəssislər üçün ciddi elektron resurs olaraq Azərbaycan Xovsuz xalçalarının unudulmuş texnologiyalarının bərpəsına, genetik yaddaşın oyanmasına kömək edəcək və dünyada daha geniş tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edəcək.
232