Azərbaycan Bəstəkarlar İttifaqının yubileyinə həsr olunan iclas keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqının yubileyinə həsr olunan iclas keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi ilə bağlı iclas keçirilib.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi yad edilib.

İttifaqın katibləri Zemfira Qafarova və Cəlal Abbasov musiqişünasların fəaliyyətindən, İttifaqın müxtəlif bölmələri və onların iş fəaliyyətindən söhbət açıblar. İclasda sənətşünaslıq elmləri doktoru, AMEA-nın müxbir üzvü Rəna Məmmədova, fəlsəfə üzrə elmlər doktoru, professor Mina Hacıyeva, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva və digərləri Bəstəkarlar İttifaqının fəaliyyətinin Azərbaycan musiqi mədəniyyətində böyük rol oynadığını diqqətə çatdırıblar.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı 90 illik yubileylə bağlı Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında yayımlanan “Bəstəkarlar İttifaqı-90” silsiləsindən təqdim olunan verilişlərin insanların maarifləndirilməsində mühüm əhəmiyyətini qeyd edib.

Sonda idarə heyəti üzvlərinin qərarı ilə gənc bəstəkarlar Aydan Əliyeva və Üzeyir Məmmədov Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçiliblər.