Oktyabrın 14-də Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm Peşə Məktəbinin və “CASA Baku” Kulinariya Məktəbinin aşpazlıq ixtisası üzrə ilk pilot qrupunun tələbələrinin Məzun günü keçirilib.
AZƏRTAC xəbər verir ki, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı Turizm Peşə Məktəbi və “CASA Baku” Kulinariya Məktəbinin nümayəndələri iştirak ediblər.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında qastroturizmin inkişafının ölkəmiz üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq, milli mətbəx nümunələrimizin qorunması, Azərbaycanın qastronomiya destinasiyası kimi dünyada təbliği istiqamətində genişmiqyaslı işlər görüldüyünü bildirib.
O diqqətə çatdırıb ki, Dövlət Turizm Agentliyi tərəfindən milli mətbəx nümunələri pasportlaşdırılıb, ölkənin biomüxtəliflik potensialı aqroqastro turizm marşrutlarına qazandırılıb. Həmçinin peşəkar kulinarların yetişdirilməsi, gənc aşpazların inkişafı və ixtisaslaşması dəstəklənib. Qeyd edib ki, aşpazlar üçün pilot tədris qrupunun yaradılması da bu qəbildən olan layihələrdəndir. Bu proqram gənc aşpazların peşəkar inkişafı üçün əvəzsiz təcrübədir.
Sonra aşpazlıq üzrə birillik tədris proqramını əks etdirən videoçarx nümayiş olunub.
Bildirilib ki, Azərbaycanda indiyədək aşpazlıq ixtisası üzrə ali səviyyədə təhsil pilləsi olmadığına görə, Dövlət Turizm Agentliyi tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı Turizm Peşə Məktəbi və “CASA Baku” Kulinariya Məktəbinin birgə əməkdaşlığı ilə pilot qrup yaradılıb. Layihə çərçivəsində xüsusi bacarıqları olan 18 tələbə aşpazlıq ixtisası üzrə peşə təhsili alıb. Tədris prosesinə “CASA Baku” Kulinariya Məktəbinin mütəxəssisləri, eyni zamanda, digər yerli və xarici mütəxəssislər cəlb edilib.
Tədbirdə birinci pilot qrupun 18 məzununa diplomlar təqdim olunub. Onlar ikinci pilot qrupun üzvlərinə aşpaz formalarını ötürüblər. Gələcəkdə Azərbaycanda aşpazlıq ixtisası üzrə ali təhsil müəssisələrində fakültə yaradılmasının planlaşdırıldığı da bildirilib.
Tədbirdə pilot qrupunun məzunları tərəfindən hazırlanmış şam yeməyi menyusu modern üslubda qonaqlara təqdim edilib.