Argentina səfiri: 30 il ərzində mədəniyyət sahəsində uğurlu yol qət etmişik

Argentina səfiri: 30 il ərzində mədəniyyət sahəsində uğurlu yol qət etmişik

“Azərbaycan və Argentina arasında gələcək üçün bir çox layihə planı var. Ən aktualı təhsil sahəsində əməkdaşlığa dair sazişdir. Hazırda bu sənədin imzalanması istiqamətində müəyyən işlər gedir”.

Bunu AZƏRTAC-a açıqlamasında Argentinanın Azərbaycandakı səfiri xanım Marianxeles Belluşi söyləyib.

Səfirin sözlərinə görə, “Qanun” nəşriyyat evi ilə Azərbaycan dilinə Alexandra Laurensiçin müəllifi olduğu “Ağla gəlməyən gün” adlı növbəti əsər tərcümə olunur və yaxında təqdimatının reallaşdırılması nəzərdə tutulub.

“Biz Azərbaycan Dillər Universiteti ilə təcrübə proqramı ilə bağlı əlaqələr qururuq. Məqsəd tələbələrin səfirlikdə təcrübə keçməsinə şərait yaratmaqdır. Yeni layihələrdən biri də Azərbaycanda Beynəlxalq Tanqo Gününə həsr olunan gecənin təşkilidir”, – deyə diplomat əlavə edib.

Azərbaycan və Argentina arasında mədəniyyət sahəsində əlaqələrdən söhbət açan səfir deyib: “İki ölkə arasında qurulan diplomatik əlaqələr artıq 30 ildir davam edir. Bu illər ərzində mədəni sahədə uğurlu yol qət etmişik. Biz müxtəlif mövzulu sərgilər, beynəlxalq tanqo festivalı keçirmişik. Azərbaycan Dillər Universitetinin Argentina kafedrasının dərslərində müntəzəm olaraq iştirak edirik. Həmçinin argentinalı müəlliflərin əsərləri Azərbaycan dilinə tərcümə olunur. Bu il Ekspo Mərkəzində təşkil olunan X Bakı Beynəlxalq Kitab Sərgisində Latın Amerikası ölkələri ilə birgə stendimizlə iştirak etdik. Təəssüratlarımız müsbət yöndədir”.