Akademik Teymur Kərimli: Füzulinin irsi bütün bəşəriyyətə xidmət edir

Ankara, 9 oktyabr, AZƏRTAC

Görkəmli şair və mütəfəkkir Məhəmməd Füzulinin irsi əsrlər boyu təkcə Türk dünyasının deyil, bütövlükdə bəşəriyyətin mədəni-mənəvi inkişafına xidmət edib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Ankaradakı Qazi Universitetində keçirilən Füzuli irsi mövzusunda ikigünlük beynəlxalq simpoziumun iştirakçıları qarşısında çıxışı zamanı deyib.

Akademikin fikrincə, Füzulinin əsərlərinin geniş miqyasda şöhrət qazanmasının sirri dahi şairin yaradıcılığının hər bir yeni nəslin nümayəndələrinə xitab etməsidir.

T.Kərimli deyib: “Füzuli öz xalqının əsl vətənpərvəri idi. Onun poeziyasının gücü bir çiçək kimi bəslədiyi və gələcək nəsillərə məhəbbətlə ötürdüyü Azərbaycan dilindən qaynaqlanır”.

Akademik bildirib ki, dahi şairin yaradıcılığının məqsədlərindən biri də insanları qəm və kədərdən xilas etməkdir. “Əgər Füzuli və Nizami kimi görkəmli humanistlər olmasaydı, müasir dünya bir çox problemlərlə mübarizə aparardı”, – deyə T.Kərimli vurğulayıb.

AMEA Əlyazmalar İnstitutunun direktoru qeyd edib ki, şair-maarifçi həm də Türk dünyasının birləşməsinə töhfə verməyə çalışıb. O əlavə edib: “Füzuli öz əsərlərində təkcə Azərbaycan türklərinə deyil, Osmanlı dövlətinin sakinlərinə, Orta Asiya xalqlarına da müraciət edir. Şair-maarifçi türk xalqları arasında körpü rolunu oynayıb”.

T.Kərimli Füzulinin zəngin yaradıcılığının əsrlər sonra da davam edəcəyinə əminliyini ifadə edib. Sözlərinə yekun vuran akademik deyib: “Azərbaycan xalqı böyük şair-maarifçinin xatirəsini dərin ehtiramla yad edir və bundan sonra da öz qəlbində yaşadacaq”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara